AnalitikaGündəm

Zəfər paradı tarixi qələbəmizin möhürü oldu

2 il əvvəl bütün dünya Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin daha bir şanlı və qürurverici səhifəsinə – zirvə hadisələrindən olan Zəfər paradının keçirilməsinə şahidlik etdi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi ölkəmizin qüdrətini, xalqımızın milli mübarizə əzmini növbəti dəfə ortaya qoydu. Yeri gəlmişkən, Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki bütün hərbi strukturların, ayrı-ayrı qoşun növlərinin, hərbi birliklərin bölmələri, hərbi tədris müəssisələrinin kursantları keçdi. 44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük rolu var. Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button