Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə qələbəyə nail olmaq variantını da nəzərə çarpdırmışdır. Ali Baş Komandan kimi Heydər Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Horadizin düşməndən azad edilməsi ilə Azərbaycan torpaqlarının müharibə yolu ilə alınmasının mümkünlüyü sınaqdan çıxarılmışdır.
Bütün bunlarla bərabər, Azərbaycan xalqının Dağlıq Qarabağda və ətraf ərazilərdə tam və qəti qələbəyə nail olması kimi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirmişdir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Təməli böyük uzaqgörənliklə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət – iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir. Vaxtilə Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində səsləndirdiyi “Tək millət – iki dövlət” kəlamı əvvəlcə hər iki ölkədə atalar sözünə çevrilmiş, tədricən daha da dərinləşərək iki qardaş ölkə arasındakı münasibətlərin strategiyası statusu qazanmışdır. Ali Baş Komandan kimi İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə Vətən müharibəsində döyüşən orduda da artıq Qələbəyə xidmət etmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan xalqına təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının düşməndən azad edilməsinə, ərazi bütövlüyünün təmin olunmasına nail olmaq şansı qazandırmışdır. İlham Əliyevin əldə etdiyi Zəfərlə Ermənistan tərəfinin uydurduğu “böyük Ermənistan” mifi darmadağın edilmişdir. 44 gün davam edən Vətən müharibəsində düşmənlə təkcə Azərbaycan Ordusu döyüşmürdü, düşmənlə xalqın ruhu da döyüşürdü, azərbaycançılıq da döyüşürdü, azərbaycanlı anaların xeyir-duası da döyüşürdü, döyüşlərə can atan məktəblilərin Vətən sevgisi də döyüşürdü, qazilərin də, Qarabağ müharibəsi əlillərinin də ruhu döyüşənlərin sırasındaydı. Döyüşlər getdiyi vaxtlarda eşitdiyimiz və qürurla yaşadığımız dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik” qətiyyətinin gerçəkləşən paradıydı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğalçı dövlətə də, onun açıq havadarlarına da ünvanladığı bu qətiyyət Böyük Qələbəyə böyük inam idi. Zəfər paradı həmin inamın paradıydı. Zəfər paradı həmin tarixi günə sədaqətin paradıydı. Zəfər paradında bir bayraq ovqatı görürdük: Dövlət bayrağımız da ucalıqlardan enməyəcək, bu ovqat da. Zəfər paradı bayraq ovqatın, ovqat bayrağın paradıydı.
Səba Rzayeva,
YAP-ın gənc fəalı