AnalitikaGündəm

Zəfər paradı müstəqillik tariximizin ilk qələbə paradı oldu

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanında işğalçı düşməni layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur.

Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik. Dekabrın 10-da Qələbə Paradını keçirməklə öz şanlı qələbəmizi qeyd etdik. İşğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımız da parada gətirilməklə qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü dünyaya nümayiş etdirdik. Dekabrın 10-da keçirilən Vətən Müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Paradda Bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyi də nümayiş olundu. Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Paradda vətən mübarizəmizdə şəhid olan azərbaycanlıların sayı qədər – 2783 türk əsgəri iştirak etdi.  Bəli, Türkiyə və Azərbaycanın birliyi qardaşlığın ən gözəl nümunəsidir. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.

Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan-Türkiyə həmişə sevincli, kədərli günlərində eyni sevinci, eyni kədəri keçirib və bu gün də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qələbə Zəfərli Paradında da iştirak etdi.

Günel Əbürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button