Analitika

Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətlərin inkişafına töhvə verəcək

Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir neçə il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir. Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq istərdim. 2-ci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu.Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün siyasi partiyalar haqqında yeni qanunun hazırlanmasını zəruri etmişdi. Çünki 1992-ci ildə qəbul olunmuş qanun günün tələblərinə cavab vermirdi. Bunun məntiqi nəticəsi olaraq, bir neçə ay əvvəl parlamentdə təmsil olunan bütün siyasi partiyalar Milli Məclisin rəhbərliyinə müraciət edərək siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən dövrdə yeni qanun hazırlanaraq ərsəyə gətirildi, ölkədə fəaliyyət göstərən siyasi partiyalara qanunla bağlı təkliflər vermələri tövsiyə edildi, 47 partiya sənədlə bağlı öz təkliflərini verdi. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb. Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər. Siyasi rəqabətin əsas motivi partiyaların güclənməsi, eyni zamanda, vətəndaş maraqlarının müdafiə olunmasında yeni imkanların yaradılmasıdır. Sözsüz ki, YAP-ın son qurultayının gəldiyi nəticələr, alınan qərarlar ölkəmizin daha da inkişaf etdirilməsinə önəmli təsir göstərəcək.

Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button