Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir
Bu gün Azərbaycanda eyni siyasi mühit, siyasi həmrəylik mövcuddur. Haqzırda ölkədə Prezident İlham Əliyev rəhbərliyi ilə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun aha da möhkəmləndirilməsi prosesi gedir. Bütün bunlar yeni bir siyasi münasibətlərin formalaşdığını təsdiqləyir.
Məlumdur ki, ölkəmizdə çoxşaxəli islahatlar həyata keçirilir və bu islahatlar təbii olaraq siyasi sistemi də əhatə etməli idi. Azərbaycanda parlament seçkilərindən sonra Prezident İlham Əliyev parlamentin ilk iclasında çıxışı zamanı məhz siyasi sistemin inkişafı ilə və çoxpartiyalı sistemə keçidlə bağlı fikirlərini ifadə etdi. Prezident Administrasiyasında yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi də bu prosesi həyata keçirməkdədir. Bu illər ərzində siyasi dialoqa bağlı çox mühüm işlər görülüb, bu istiqamətdə zəruri addımlar atılıb. Hakimiyyət tərəfindən siyasi dialoqa dəvət olunan bütün siyasi partiyalar ölkədə öz problemlərini, vəziyyəti və əməkdaşlığın hansı istiqamətlərdə ola bilməsi zərurətini iqtidar nümayəndəsinə çatdırıb və bu proses artıq inkişaf edir. İlk növbədə qarşılıqlı addımların atılmasını, əməkdaşlıq mühitinin yaradılmasını müsbət bir hal kimi qeyd etmək lazımdır. Artıq narahatçılıq doğuran məsələlərin bilavasitə iqtidarın nümayəndələrinə çatdırmaq, siyasi partiyalar üçün yeni bir şəraitin təmini ölkədə yeni konfiqurasiyanın yaradılmasına imkan verdi. Vətən müharibəsi dövründə Azərbaycan unikal bir milli həmrəylik və birlik sisteminin formalaşmasına nail oldu. Hətta bu, bir sıra ölkələrin diqqətini cəlb etdi. Ümummilli məsələlərlə bağlı həmrəylikdən imtina, hakimiyyətlə dialoqan imtina bu prosesdən kənarda qalan qüvvələri marginal bir qüvvəyə çevirə bilər. Çünki onlar ölkənin dayaq maraqları, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, ölkəmizin müasir, demokratik bir dövlətə çevrilməsində əməkdaşlıqdan imtina edirlərsə, o zaman onların məqsədləri də şübhə doğura bilər.
Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.
“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Ölkə başçısı Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır.
Səba Rzayeva
YAP-ın gənc fəalı.