AnalitikaGündəmSiyasət

Yeni Geosiyasi Məkanda Güclü Liderlik

Suverenliyin tam bərpası Cənubi Qafqazda güc balansını birmənalı olaraq Azərbaycanın xeyrinə dəyişərək, tamamilə yeni bir geosiyasi məkan formalaşdırdı. Ərazi daxilində “boz zona”nın ləğvi Azərbaycanın mütləq suveren aktor kimi çıxış etməsinə mane olan bütün geosiyasi əngəlləri sıradan çıxardı. Təhlillər göstərir ki, artıq regionla bağlı verilən hər hansı bir qlobal qərar birbaşa Azərbaycanın diqtəsi və rəzılığı ilə uzlaşdırılmaq məcburiyyətindədir.

 

Bu yeni geosiyasi məkanın memarı və şəksiz lideri heç şübhəsiz ki, Prezident İlham Əliyevdir. Onun uzun illər ərzində məqsədyönlü şəkildə formalaşdırdığı iqtisadi və hərbi resurslar yekun zərbənin endirilməsi üçün ən münbit beynəlxalq konyunkturanın yaranmasını gözlədi. Prezident İlham Əliyev tərəfindən verilən qəti qərarlar Azərbaycanı böyük güclərin geosiyasi şahmat taxtasındakı fiqur olmaqdan çıxararaq, taxtanın özünə nəzarət edən qrossmeysterə çevirdi.

 

Yeni reallıqlar region qonşularını və beynəlxalq təşkilatları Azərbaycanla bərabərhüquqlu, praqmatik əməkdaşlıq formatına keçməyə məcbur edir. Azərbaycan artıq sülh üçün vasitəçi axtaran dövlət deyil, sülhün şərtlərini müəyyən edən və onu təmin edən aparıcı qüvvədir. Regiondakı hərbi, iqtisadi və logistik üstünlük dövlətimizin milli maraqlarını qorumaq üçün ən effektiv mexanizmə çevrilmişdir.

 

20 Sentyabr Dövlət Suverenliyi Günü regional güc statusundan qlobal təsir imkanlarına qədəm qoyduğumuz tarixi gündür. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən güclü liderlik modeli müstəqil Azərbaycanı bu yeni geosiyasi məkanda yenilməz edərək xalqımıza sonsuz iftixar hissi bəxş edir.

Ruhən Hüseynova,

YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Puşkin küçəsi, 19” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button