
Azərbaycan Universiteti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı arasında bağlanmış müvafiq müqaviləyə əsasən, Azərbaycan Universitetinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə təhsil alan tələbələrinin 16 fevral 2026-cı il tarixindən 19 iyun 2026-cı il tarixinədək Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında keçdikləri istehsalat təcrübəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tələbələrin təcrübə müddətində göstərdikləri fəallığı yüksək qiymətləndirərək bildirib ki, gənclərin dövlətçilik dəyərlərinə bağlı, ictimai-siyasi proseslərdə fəal iştirak edən vətəndaşlar kimi formalaşması baxımından bu cür əməkdaşlıq layihələri mühüm əhəmiyyət daşıyır. O, təcrübə proqramının tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə, onların gələcək peşə fəaliyyətinə hazırlanmasına mühüm töhfə verdiyini vurğulayıb.
Daha sonra Ceyhun Hacıbəyli-71 ünvanı (Azərbaycan Universiteti) üzrə Ərazi Partiya Təşkilatının sədri Rauf Səmədov çıxış edərək universitetlə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı arasında uğurla davam edən əməkdaşlıq münasibətlərindən bəhs edib. O, tələbələrin təcrübə müddətində əldə etdikləri bilik və təcrübənin onların peşəkar inkişafında mühüm rol oynayacağını qeyd edib.
Təcrübəçi tələbə Anar Səmədli çıxışında təcrübə proqramı ərzində qazandığı bilik və bacarıqlardan danışıb, yaradılan şəraitə və göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
Sonda təcrübə proqramını uğurla başa vuran tələbələrə müvafiq rəylər təqdim olunub, xatirə şəkilləri çəkdirilib.







