Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan Tələbələrarası “Yaşıl Kubok” turniri uğurla başa çatıb.
Globalnews.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş turnir “Nə? Harada? Nə zaman” və “Kviz” mərhələlərindən təşkil olunub. İlk mərhələdən sonra ən yüksək nəticə əldə etmiş 8 komanda “Kviz” mərhələsində iştirak haqqı qazanıb.
28 sentyabr tarixində baş tutan finalda ilk olaraq 44 günlük vətən müharibəsi qəhrəmanlarının xatirəsi 1 dəqiqləlik sükutla yad edilib. Daha sonra layihə rəhbəri Arzu Musayeva açılış nitqi ilə çıxış edib. O, öz nitqində gənclərin fərdi layihələrinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb və ətraf mühit, COP29 tədbirinin əhəmiyyəti, iqlim dəyişikliyinin yaranma səbəbi və mübarizə tədbirləri mövzusunda maarifləndirici təqdimat edib. Yarışa başlamazdan öncə iştirakçılar yarışın qaydaları haqqında məlumatlandırılıb və bütün komandalara uğurlar arzu olunub.
10 turdan ibarət bilik yarışı zamanı tələbələr müvafiq sahə üzrə suallara cavab tapmağa çalışıblar. Maraqlı və gərgin keçən yarışın qalibi sonadək əzmkar oyun göstərən “Vendetta” komandası olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “IQnobel” və “Səfillər” komandaları bölüşüblər. Qaliblər kubok və sertifikatlarla təltif edilib.
Qeyd edək ki, turnirin birinci mərhələsində 16 komanda mübarizə aparıb. Komandalar müxtəlif ixtisaslarda təhsil alan ümumilikdə 80 gəncdən ibarət olub.