YAP nümayəndə heyəti üzvləri Manisada azərbaycanlı tələbələrlə görüşüb
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti üzvləri Manisada Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyində azərbaycanlı tələbələrlə görüşüb.
Globalnews.az xəbər verir ki, görüşdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şəntürk Xoşgül 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, hazırda Azərbaycan və Türkiyə qardaşlığı bütün dünya üçün örnəkdir. Hər iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir.
Çıxış edən azərbaycanlı tələbələr qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki azərbaycanlıyam” ifadəsi beynimizə və qəlbimizə həkk olunub. Hər bir zaman həm davranışlarımız, həm də təhsilimizlə Azərbaycanın adını uca tuturuq.
Manisada təhsil alan həmyerlilərimizlə və şəhər sakini olan Azərbaycan əsilli vətəndaşlarla görüş səmimi söhbətlə davam edib.
Sonda YAP nümayəndə heyətinə hədiyyə təqdim olunub, xatirə şəkili çəkdirilib.