Xoşbəxt gələcəyin addımları Laçın torpaqlarında
İşğal edilmiş torpaqlarımızın azad edilməsindən sonrakı dövrdə qarşımızda daha vacib məsələlərin həlli dayanır. Bu məsələrdən biri “Böyük Qayıdış” planına əsasən həyata keçirilir. Nəzər almalıyıq ki, torpaqlarımız erməni kimi mənfur siyasi əqidəsi olan bir düşmənin tapdağı altında olmuşdur. Ermənilər bu işğal dönəmində öz vəhşiliklərini, barbarlıqlarını nümayiş etdirmiş təbii sərvətlərimizə, tarixi abidələrimizə ciddi ziyan vurmuşdu. Dövlət başçısı İlham Əliyev torpaqlarımızın yenidən çiçəkləndirilməsi, mədəni həyatının canlandırılması, iqtisadi gücünün bərpası istiqamətində tədbirlər planın qəbul edilməsinə qərar vermişdi. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonu da xüsusi diqqət mərkəzindədir. Laçın rayonuna xüsusi nümayəndə təyin edilən Məsim Məmmədovun qəbulu zamanı prezident bir çox məsələlərə diqqət çəkmişdir.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar. Azərbaycan dövləti bu məsələni ən yüksək səviyyədə təmin edəcəkdir. Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir. Ətraf mühitə və təbii resurslara böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fonduna daxildir. Raoyunun etnik tərkibini dəyişdirilməsi istiqamətində atdıqları addımlardan biri də ermənilərin bu ərazidə məskunlaşdırılmasıdı. Nəticədə işğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Tarixi keçmişə nəzər saldıqda görərik ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. AXC-Müsavat cütlüyü hakimiyyətə can atır, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı. Tarixi torpaqlarımızın Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Həmin dövrdə Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir. Bu hadisə daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş – 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü. Beləliklə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır. Sözügedən amil Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur. İkinici Qarabağ müharibəsində Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. Müharibə dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi. Faktiki olaraq ordumuz Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdi. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.
Bugün Avropanın hüquqi sferadakı ikili standartlarını açıq şəkildə görürük. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur. Bu qərarların qəbul edilməsində aparıcı rolu Fransa deputatları oynayır. Beynəlxalq vasitəçilər – ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey fakitiki olaraq aydınlaşdı. Fransanın Azərbaycana qarşı ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələməyə çalışırdılar. Azərbaycan müstəqil, suveren, beynəlxalq hüquq normalarına əməl edən dövlətdir. Bu səbəbdəndir ki, Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi. Müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etməyi bacardı.
İndi qarşıda bizi məcburi şəkildə torpaqlarından ayrı düşən vətəndaşlarımızın təhlükəsiz şəkildə öz torpaqlarına qaytarılması gözləyir. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Bu istiqamətdə yeni yollar salınıb. Bu yollar yeni gələcəyə gedən xoşbəxtliyin başlanğıcıdır. Bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Bu mövqelərdə təhlükəsizliyi təmin edərək güclənmişik. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır. Görülən tədbirlər göstərir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşayacaqlar.
İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində aparılmış çox saatlıq telefon danışıqları nəticəsində Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi yekun Bəyanata salınmışdı. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra yeni yolun salınması ilə bağlı lazımı tədbirlər görülmüşdü. Yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edildi. Azərbaycan bu işi bir il yarım ərzində həll etdi. Yəni, Laçın şəhərindən yan keçən yol 2022-ci il avqustun 2-də istismara hazır idi. Rayonun yenidən bərpa edilməsi istiqamətindəki tədbirlər davam etməkdədir. Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Qeyd etməliyik ki, bu torpaqlarda hava limanı olmamışdır. Coğrafi reylefində buna uyğun olmaması bizi dayandırmadı. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz olan bölgədədir. Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılacaq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilməkdədir.
Torpaqlarımızın təbii sərvətlərindən düzgün şəkildə xalqımızın xeyiri üçün faydalanmağa çalışacağıq. Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə qarşıya qoyulan məqsəd azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olmasıdır. Gələcəkdə isə bu güc 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var. Biz bu istiqamətdəki imkanlarımızı da dəyərləndirməyi planlaşdırırıq.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi