AnalitikaGündəmSiyasət

Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılılar öz doğma yurdlarına qayıdırlar

“Xocalı soyqırımının törədilməsindən 34 il ötür. Xocalı soyqırımını törədənlərin məqsədi xalqımızı sarsıtmaq, milli ruhumuzu sındırmaq olsa da, onlar buna nail olmadılar. Ötən 34 il ərzində Azərbaycan xalqı və dövləti nəinki Xocalı soyqırımının qurbanlarını unutmadı və unutdurmadı, hətta erməni şovinistlərinin iç üzünü ifşa etdi”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, artıq 6-cı ildir Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib, qisasını almış xalq olaraq anırıq: “Heç kəsə sirr deyil ki, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığına qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Soyqırımının növbəti ildönümü ərəfəsində Prezident İlham Əliyevin illər əvvəl dediyi sözlər bir daha yada düşür. Prezident İlham Əliyev bildirirdi ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. Məhz, 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq Zəfərlə başa çatdı və şanlı Azərbaycan Ordusu işğalçıların ordusunu darmadağın edərək, bütün şəhidlərimizin qisasını aldı. Eyni zamanda, separatçılar, terrorçular məhkəmə qarşısında da cavab verdilər”.

“Ötən illər ərzində Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib” – deyən Ramil Vəlibəyov bildirib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılıb.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib: “Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılılar öz doğma yurdlarına qayıdırlar”.

Oxşar Xəbərlər

Back to top button