Xocalı soyqırımı tarixdən unutmadığımız hadisədir

Xocalı qətliamından 33 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 30 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır. Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılması, dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əksini tapıb. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun parlaq Zəfəri ilə başa çatdı. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəkləri inamını daha da artırdı. Möhtərəm Prezidentimizin qətiyyəti, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqi, mövqeyimizin möhkəmləndirilməsi və əlaqələrimizin daha da genişləndirilməsi də təsdiqləyir ki, o gün çox da uzaqda deyil. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı ermənistanın növbəti təxribatlarına cavab verməklə yanaşı, əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında işğaıçı Ermənistan ordusu öz vəhşiliyini bir daha sübut etdi və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı yenidən qəddarlıq, amansızlıq nümayiş etdirdi. Gəncəni, Bərdəni, Naftalanı. Tərtəri, Mingəçeviri, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alaraq, bir daha sübut etdi ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Bütün bu vəhşiliklərə baxmayaraq, rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, eləcə də, bütün şəhidlərimizin qisası alındı.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı