Xocalı soyqırımı gənclər və gələcək nəsillərin yaddaşında

Yaşadığımız dövrdə insanlıq ənənəvi problemlərlə yanaşı , daha ağır bəla ilə üz-üzə qalmışdır. Bu bəlanın adı terrorizmdir. Son illərin terror aktları göstərdi ki, bu bəla bütün ölkələr, xalqlar üçün eyni dərəcədə təhlükəlidir. Azərbaycanın bu bəlaya münasibəti birmənalı və qətidir: biz hər cür zorakılıq aktının – terrorun , soyqırımların, separatçı ekstermizmin , etnik toqquşmaların əleyhinəyik. Bu səbəbdən də Azərbaycan antiterror alyansına ilk qoşulan ölkələrdən biridir. Azərbaycan xalqı terrora, soyqırımlara, deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir.
Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25 -dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq normaları pozaraq Xocalıya daxil olaraq “Əsrin cinayəti”ni törətmişlər. 1992-ci ilin fevralında erməni cəlladları tərəfindən Xocalının ələ keçirilməsi üçün məxfi plan hazırlanmışdı. Plana görə fevralın 25-də gecə hər tərəfdən Xocalıını mühasirəyə almalı, burada yaşayan azərbaycanlıların hamısını məhv etməli, qədim yaşayış məskəni olan Xocalını yandırmaqla xəritədən silməli idilər. “Plan”ın uğurla həyata keçirilməsi üçün Xocalıya 3 birləşmiş erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdə eyni istiqamətdə hücum etməli idilər. Rusiyanın 366-cı alayı, erməni birləşmələr, xarici ölkələrdən gətirilmiş muzdlu quldur dəstələr xüsusi vandallıq nümayiş etdirmişdilər. Respublika rəhbərliyinin laqeydliyi ucbatından Xocalının müdafisəi lazımı səviyyədə təşkil olunmamışdı. Cəmi 160 nəfərdən ibarət olan Xocalı müdafiəçiləri güclü və namərd hərbi birləşməyə malik düşmənlə üz-üzə qalmışdı. Fevralın 25-də Xocalıya hücum başladı. İlk zərbə hava limanına endirildi. Hava limanının müdafiəsini Əlif Hacıyev öz üzərinə götürmüşdü. Hava limanı düşmən əlinə keçməsin deyə dispetçer məntəqəsini partladan Ə.Hacıyev döyüşlərdə həlak oldu. İgid komandir Tofiq Hüseynov güclü düşmən hücumlarının qarşısını almaqla onlarla adamın mühasirədən çıxmasına şərait yaratmışdı . Həmin gecə Xocalı şəhəri yandırıldı. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir alındı, 8 ailə bütövlükdə məhv edildi.
Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında birində “Xocalı soyqırımı ” dan bəhs edərək demişdi: “Erməni millətçiləri və onların havadarlarının insanlıqla bir araya sığmayan mürtəce mahiyyəti Xocalı soyqırımında bütün çılpaqlığı ilə üzə çıxdı. Xocalıdakı insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı həqiqətlərini dünya ictiamiyyətinə hərtərəfli çatdırmalıyıq. “Heydər Əliyevin 1997-ci il 25 fevral fərmanı ilə 1997- ci ildən Xocalıda azərbaycanlıların soyqırım qurbanları xatirəsinə ehtiram əlaməti olaraq hər il Azərbaycanda fevralın 26-da saat 17-də Sükut dəqiqəsi elan olunmuşdu. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır- Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımının günahkarları, təşəbbüskarları, törədənləri layiqli cəzalarına çatmalıdır. Bu gün Xocalı azaddır. 44 günlük Vətən müharibəsində Azərbaycanın igid oğulları Xocalı qatillərini məhv etməklə, günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Biz bu gün Xocalı həqiqətlərini dünyaya çatdırmalıyıq, bu bizim vətəndaşlıq, insanlıq borcumuzdur.
Məmmədova Ruqiyyə,
124 №li tam orta məktəbin tarix müəllimi