
Bu gün tariximizin qanlı səhifələrindən və bəşər tarixinin üzqarası olan Xocalı faciəsindən 34 il keçir.
1991-ci il, fevralın 25-dən 26-na keçən gecə!
Həmin gecənin səhəri xalqımızın, millətimizin üzünə faciə ilə açıldı. Açılan səhər çox qaranlıq, zülmət bir səhər oldu.
Həmin gecə əsrin ən dəhşətli, sözlə – dillə ifadə edilməyəcək qədər ən zülümlü, xəyallara gəlməyəcək qədər, tarixdə bənzəri olmayan ən qəddar və ağır faciəsi yaşanıb. Həmin o dəhşətli gecədə erməni vandallarının Rusiyanın 366-cı motoatıcı alayının iştirakı, dəstəyi və köməyi ilə Xocalı şəhərinə hücum edərək soyqırımı – faciəsi törətdilər. Ermənilər dinc sakinləri gülləboran etdilər. Belə dəhşətli faciədən – soyqırımdan betəri, dahası ola bilməz…
Elə mən əsrin faciəsi adlanan Xocalı faciəsindən – soyqırımından söz açmaq, faciəni yenidən xatırlamaq və xatırlatmaq, bu faciə ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Biz xatırlayırıq ki, onları unutmayaq. Biz danışırıq ki, həqiqət susdurulmasın. Biz Azərbaycan olmaq üçün keçdiyimiz zülümləri unuda bilmərik, əgər kimsə unudarsa, o bizlərdən ola bilməz!
Dövlətimiz göstərişi ilə həmin faciədən bir neçə il sonra Bakı şəhəri Nizami rayonu ərazisində Xocalı prospektində Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə “Ana harayı” adlı böyük bir abidə-kompleks ucaldıldı. O gündən müntəzəm olaraq hər il Xocalı soyqıımı günü Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev başda olmaqla, birinci xanım Mehriban Əliyeva və Dövlət və hökumət rəsmiləri, müxtəlif idarə və təşkilatlar, elm və təhsil ocaqları – professor-müəllim və tələbə heyəti ilə birlikdə, sıravi insanlar Xocalı soyqırımı abidəsini ziyarət edirlər.
Bu abidə 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımının dəhşətləri və bu faciənin xalqın yaddaşındakı silinməz izahı əks etdirilır. Bakıda “Ana harayı” abidəsi vasitəsilə qanlı tarixin gənc nəsillərə ötürülməsi vacibliyinə toxunulur, maarifləndirmə tədbirlərinin əhəmiyyəti ön plana çəkilir, Azərbaycanın bu ağır yollardan keçərək öz müstəqilliyini və azadlığını qorumasının milli qürur mənbəyi olduğu ifadə edilir. “Ana harayı” abidəsi Xocalı soyqırımının ağır nəticələrini və xalqın bu qanlı hadisəyə olan əbədi ehtiramını əks etdirir.
Xocalı soyqırımı tariximizin qanlı qara ləkəsi oldu.
Xocalı faciəsinin simvolu badam çiçəkləri. Niyə görə məhz badam çiçəkləri, badam ləçəkləri? Çünki hər biri o qədər incədir, zərifdir, vaxtilə o hücumlara və müsibətlərə məruz qalan, bu çiçək kimi soyuqda ləçəkləri düşən güllər kimi bizim qadınlar, qızlar, uşaqlar vaxtından əvvəl soldular getdilər. Badamda çəhrayı çalarlar görürük, ancaq badam bütün ağaclarla müqayisədə daha tez çiçək açır, onun gülləri ağdır, amma Xocalı haqqında danışanda mütləq şəkildə üzərində bir azca çəhrayı çalarlar görürük və bunu biz həyata bağlasaq, ağ rəng ümidi, paklığı təmsil edir. Ümidlə bərabər o günahsız qurbanların – insanların qanına bənzəyir.
Min bir hadisələrə şahid olmuş Xocalının Qarqar çayı, Xocalının dağları və meşələri.
Həmin faciəni xalqımıza ilk olaraq cəsarətli jurnalist, Çingiz Mustafayev şəxsən özü canlı olaraq kamerası ilə çəkmiş və həyatı bahasına erməni vəhşiliklərini dünyaya bəyan edərək yayımlamışdır. Belə canlı kadrların əlimizdə çox az bir qısmi var. Xocalı faciəsini təsvir edən, olanları olduğu kimi yerindəcə lentə alan, insanların yaşadıqlarını birbəbir göstərən ikinci belə kadrlar olmadı. Ç.Mustafayev 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçivanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
Ç.Mustafayevin çəkdiyi o kiçik kadrlar yaddaşımızdan heç silinmədi, çünki hər il həmin kadrlar təkrar-təkrar TV müxtəlif kanallarında, proqramlarında, sosial şəbəkələrdə yayımlandı, yaddaşımızı o həmin gecəni unutmasına izn vermədi. Ç.Mustafayevin çədiyi və bizlərə çatdırdığı hər bir kadra baxanda adamın ürəyi parçalanır, sonuna qədər baxmaq olmur, adam darıxır, boğulur və elə bir hisslər yaşayır ki, necə deyim, o hissləri bəlkə də heç bir acılı günlərimizdə yaşamırıq. O insanların qarın üstündə necə donub qaldıqları və hansı şəkillərə düşdükləri insanı heyrətə gətirir. Bir insan başqa bir insana belə zülüm edə bilərmi? – Suala belə də cavab verirəm: – Belə vəhşilikləri insan törədə bilməz, eləsə, eləsə vəhşi heyvanlar eləyə bilər, bəlkə heç onlar da eləməz. O gecə elə dəhşətləri insanlara yaşadan heyvanlar olublar. Bunlar insan deyil, iblisdilər. Öldürmək, öldürməkdir, daha belə əzab vermək, işgəncə vermək nə deməkdir, nə qazandırır insana? Yəqin ki, mənim kimi sizlərin də bu suala cavabınız yoxdur.
Ç.Nustafayev çəkdiyi kadrların birində: “Adın nədir? Kiçik qız uşağı: – Ləfxan. – Ayağına nə olub? – Meşədə qaçanda olub. – Necə? Niyə? – Meşədə 3 gün qarın içində qalmışam. – Buzlayıb, hə!? Niyə çıxdınız kənddən? – Ermənilər qovdular. – İndi necəsən? – Yaxşıyam. – Yaxşı ol. Böyük qız olasan”. Həmin kadrda Xocalıdan və Xocalı soyqırımından yaddaşımıza həkk olunan o kiçik və məsum qız uşağının baxışlarını və Çingiz Mustafayevin səsindəki o qayğı dolu hüznü heç unutmayacağıq.
Həmin o kiçik qız uşağı – 9 gün azıb meşədə ağrıynan-acıynan, qorxuynan mücadilə edərək sağ-salamat qalan – həmin o kiçik qız uşağı, o balaca Ləvxan böyüdü, 32 ildən sonra həmin yerlərə qayıdıb. Heç düşünə bilmirəm o insan necə hisslər yaşaya bilər?!
Xocalıda yaşanan vəhşət sadəcə rəqəmlərlə deyil, o gecə sağ qalmağı bacaranların və hadisə yerinə gələn xarici jurnalistlərin şahidliyi ilə insanlıq tarixinə yazılmışdır. Xarici jurnalistlər bu faciəni “bu hərbi hücum deyil, mülkü xalqa yönəldilmiş bir “etnik təmizlik” olduğunu sübut etmişlər. Bu fikirdə mülki əhaliyə qarşı törədilən amansız cinayətlər, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və beynəlxal ictimaiyyətin bu hadisəyə münasibəti vurğulanır.
Fransız jurnalist yazır: “Bəzi qurbanların başları kəsilmişdi, başlarının dərisi soyulmuşdu, cinsiyyət üzvüləri kəsilmişdi. 10 yaşında olan qız cocuğunu tutduqları kimi meyitlərin üstünə atmış və bütün cəsədləri yandırmışlar. Hansı insan oğlu hamilə bir qadının bətnindən doğulmamış uşağı alıb və süngüyə keçirə bilər. Alman faşistləri heç belə amansızlıqlar etmədilər”.
Jurnalist xanım Erməni generalı Levon Minasyana: – Siz Xocalıda olmusunuzmu? –Xocalı soyqırımı mənim əsərimdir. Azərbaycanlılar məni axtarırlar. Orada saysız-hesabsız türkləri qətlə yetirmişəm. Neçə nəfəri kəsmişəm, öldürmüşəm sayını mən belə xatırlamıram. – Siz ciddisinizmi? – Bilirsinizmi bu necə xoşbəxtlik verdi mənə? Necə xoşbəxtəm, bilirsinizmi? – Hansı xoşbəxtlikdən danışırsınız? Siz dəlisinizmi?
Erməni vandalının dilindən: “Biz Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Uşağın babası və anası da orda idi. Uşaq çox səs-küy salmasın deyə əsgər yoldaşım uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Mən daha sonra uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, uşaq 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Yoldaşım sonra ölmüş uşağın cəsədini hissə-hissə doğradı və itlərə atdı. Axşam eyni şeyi daha 3 uşağa etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Və bunun adını intiqam qoydular. Kimin intiqamı, nəyin intiqamı idi bu, bilirsinizmi?!
O gün, elə həmin o gün insanlar ayaqyalın, başıaçıq, çılın-çılpaq evlərindən qovuldular və dağlara, meşələrə, çöllərə səpələndilər, bilirsinizmi necə səpələndilər – qadın boğazından qırılıb yerə tökülən mirvarı kimi ətrafa səpələndilər. Kimsənin kimsədən xəbəri olmadı. Az-az insanlar birlikdə ola bildilər. Onların da taleyi Ç.Mustafayevin kamerasında qaldı. Və bir gecədə məhv edilən həyat hekayələrini canlı şahidlərin, hardasa, necəsə yaralanaraq sağ qalan sakinlərin dilindən eşitdik.
Bəli, Ç.Mustafayev çəksəydi, çəkə bilsəydi, daha neçə-neçə belə kadrların vasitəsilə aqibəti məlum olmayan yüzlərlə insanların – Xocalı sakinlərinin o ağır, məşəqqətli, talelərə bənzəməyən taleləri ilə tanış olacaqdıq. Əfsuslar olsun!
Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı – bütövlükdə 613 Xocalı sakini qətlə yetirilib, həyatları sonlandırıldı, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76 uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. O gün, elə həmin o gün əsir götürülən 150 nəfərdən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Yaşadığımız XXI əsrin 20-ci ili fərqliliyi ilə tarixdə iz buraxdı. Və bu il, bu ildə cərəyan edən hadisələr, bitməyən qəribəliklərlə dolu bir il oldu, qara günləri, qara ayları bol olan il oldu. Qorxu, ölüm dolu bir il oldu. Ağıllara gəlməyən, xəyal belə etmədiyimiz şəraitlə üz-üzə qaldıq. Episentri Çin olan GOVİD-19 koronovirusunun gəlişi ilə dünyada pandemiya elan edildi. Bu kiçik virusun gücünün qüdrətinə bax ki, bütün Dünyanı lərzəyə saldı. Dünya bir virusun əsarəti altında qaldı, bu bir yandan; bir yandan da bütün dünyada silahlar susan zaman, II Qarabağ müharibəsinin başlanması – kabus insanları vahiməyə salıb.
MÜHARİBƏ! Bu sözün nə qədər ağır, dəhşətli və qorxunc olduğunu bilirdiksə də, belə acı olduğunu, belə yandırdığını hiss etməmişdik. Müharibə… Minlərlə fəlakətə səbəb olan müharibə! Vətənimizdə Vətənimizin olum və ya ölüm məsələsini həll edən müharibə.
Gör, bu müharibə nələr elədi? Top dağıtmayan xanimanları uçurtdu, yerlə yeksan elədi. Şəhərlər, kəndlər dağıldı, viran qaldı. Ər müharibəyə getdi və oğlanlarımız geri dönməz oldular. Ailələr başsız qaldı. Analar oğlunu, gəlinlər baş yoldaşını, gözəllər sevgililərini, körpə uşaqlar atalarını itirdilər. Müharibənin gözlənilməz tufanı tufan elədi, torpağın altını üstünə çevirdi. Müharibə yağı düşmən tərəfindən Yaponiyanın Naqasaki və Xirosima şəhərləri kimi dağıdılmış, xaraba qoyulmuş, hətta 30 il ərzində o şəhərlərdən daha betər günə salınmış halal torpaqlarımızı geri qaytaran igid oğullarımızın qəhrəmanlığını həzm edə bilmədi və onları canından elədi.
Nələr, nələr oldu …
Azərbaycan güclü bir dövlətdir, Azərbaycanın güclü müzəffər ordusu var. Dünyanın ən güclü 100 ordusu arasında Azərbaycan ordusu Amerika Birləşmiş Ştatları qlobal pover army adlı hərbi məlumatlar toplayan mərkəzin 2003-cü il ən son açıqlamasına görə 57-ci yerdədir. Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörənliyi, davamlı və məntiqli siyasəti sayəsində Azərbaycanın və Ordumuzun gücü – birlikdə 30 illik həsrətə son qoydu. Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı və layiqli, həm də ədalətli cavab verdi. Öz taleyimizə sahib olduğumuzu göstərərək müstəqilliyimizi və suverenliyimizi bərpa etdik. Dövlətimizi, dövlətçiliyimizi qoruduq.
Qürurumuz Vətənimiz! Fəxrimiz Ordumuz! Liderimiz Prezidentimiz Ali Baş Komandan İlham Əliyev cənabları – Biz azərbaycanlılar güclü bir xalq, millət olaraq özümüzü, sözümüzü və gücümüzü haqlı və ədalətli II Qarabağ müharibəsində bütün dinyaya sübut etdik. Ən ali kürsülərdən sözümüzü dünyaya deyə bildiyimiz kimi işğal olunmuş torpaqlarımızda da həm sözümüzü, həm də hərbi gücümüzü göstərə bildik. Güc də, azadlıq da, böyüklüyün özü də birlikdədir. Biz birlikdə güclüyük, güc bizim birliyimizdədir. Güc bizim ürəyimizdən axıb gəlir. Biz ana torpaqdan güc alaraq, bir-birimizə həm dirək, həm dəstək olaraq elimizin, xalqımızın üzünü ağartdıq. Gör bu ana torpaq bizə necə güc verib ki, birlikdə hərəkət edərək “Xalq – Prezident birliyi” ilə tufana, yağışa sinə gərərək, ağır məşəqqətlərə dözərək dəyanətimizlə, zəkamızla, biləyimizin gücü ilə və yenilməz ordumuzla dünyanı heyrətləndirə bildik. Baş-başa, əl-ələ verərək yerindən tərpənməyən daşları yerindən qaldıra bildik, gücümüzlə dağları yıxa bildik. Əbəs yerə ulularımız deməyiblər ki, birlik hardadı, dirilik də ordadır və dirlik harda, dövlət də orda.
Biz birlikdə 30 il ömürlük ölümünə bağlı olduğumuz Vətən üçün, bütöv Azərbaycan üçün, Vətən torpağını yağı düşməndən qurtarmaq üçün haqq müharibəsində döyüşə qalxdıq və 44 gün müharibə, 44 gün göz yaşları, 44 gün qorxu və həyəcan, 44 gündən sonra isə cəmi 24 saat 43 dəqiqə zaman ərzində keçirilən lokal döyüşlərdə cəsur və nəhayət məğlubedilməz Azərbaycan əsgərinin şücaəti sayəsində Qələbə! Sonunda bu dövr ərzində “Prezident – xalq – Ordu” birliyində müharibə bizə məğlub oldu.
Yenə Ç.Mustafayevin başqa bir kadrda: “Üzünü, üzünü qaldır, qaldır üzünü!” – deyə ətrafdakılara səslənir. Həmin kadrın sonunda Ç.Mustafayev özü dizi üstə durur, gördüyü səhnələrdən təsirlənir və başını aşağı dikib hönkür-hönkür ağlayır. Artıq 34 ildən sonra biz Sizə səslənirik Ç.Mustafayev: – Cəsarətli, vətənpərvər, qardaşımız, başını qaldır, üzünü qaldır, əzizi qardaşımız!
2020-ci ildə yaşadığımız 44 günlük müharibədə 30 ildən çox yağı düşmən tapdağı altında qalan – əsir saxlanılan torpaqlarımız azad edildi və Azərbaycan ordusunun qazandığı böyük “Zəfər”dən sonra Xocalı şəhərində də Azərbaycan bayrağı qaldırıldı və Xocalı şəhərində bayrağımız dalğalanır. Xocalının intiqamı alındı. Xocalı azaddı. Xocalıda həyat canlanıb. Xocalı sakinləri öz əzəli-əbədi doğma evlərinə qayıdıb. Bu gün isə Xocalı sakinlərindən yaşayanlar Xocalıya – doğma torpağa döndülər. Xocalıda dondurulan ümidlər, susdurulan nəfəslərə can gəldi. Elə həmin dövrdən artıq 2-3 ildir ki, Prezidentimiz ailə üzvləri ilə birlikdə Xocalı şəhərində Xocalı soyqırımı memorialının açılışında Xocalı sakinləri ilə birlikdə iştirak ediblər və tarixi gününü qeyd edir, yad edirlər.
Xocalının azad edilməsi və ədalətin bərpası milli qürur mənbəyi kimi təqdim edilir. Xocalıya qayıdış həm tarixi zəfərin rəmzi, həm də Qərbi Azərbaycana dönüş inamını gücləndirən, doğma yurdlarından didərgin düşən hər bir azərnaycanlı üçün böyül ümid işığıdır.
Müharibə qurtardı, onun əbədi olaraq qoyub getdiyi yaraların çapıqları isə hələ də göyüm-göyüm göynəyir. Müharibə kabusu hələ də evlərdə, ailələrdə gəzir. Arxada o qədər yada salmalı qara xatirələr qaldı ki …
Qabaqda isə …
Tam inam və əzmlə deyə bilirik ki, yenə də biz – dövlət – xalq – gücümüzü toplayaraq birlikdə bütün bu yaralarımızı sağaldacaq, geri qaytardığımız Qarabağda – Şuşada, Xankəndində, Xocalıda və tarixən bizim olan bütün doğma torpaqlarımızda əvvəlki özümüzə – bizim olan həyatı qaytardıq. Azad etdiyiniz torpaqları yenidən dirçəldik: düşmənin viran qoyduğu torpaqları abadlaşdırdıq, yeni yollar saladıq, şəhərləri də, evləri də yenidən tikədik, düzəldik, qurduq, yenidən yaratdıq. Qanımız səpələnən o torpaqlarımızda ölmüş və sönmüş həyat canlandı, həyat dirçəldi, boz və quru təbiət yaşıllandı, sərin və buz bulaqlar axmağa başladı. İnsanlarımız yurd yerlərinə qayıtdı və bu qayıdış müntəzəm olaraq davam etdirilir. O yerlərdən sözümüz, sazımız, musiqimiz eşidilir. O yerlərdə adət-ənənələrimiz yerini tapdı, Milli bayramlarımız öz əvvəlki prinsiplərinə və milliliyinə sadiq qalaraq qeyd olunur. Zəngin və rəngarəng mədəniyyətimiz, yaddaşlardan silinməyən hər daşda, qayada, bulaqda və ən kiçik ocaqda belə yaşayan çox ulu tariximiz öz dilimizdə danışır. O yerlərdə həyat öz ritmində vurmağa başlayıb, həyat öz axarına düşüb, həyat yaşamağa davam edir.
Ancaq və ancaq iki şeyi düzəltmək mümkün olmayacaq: bir ölənləri – Şəhidlərimizi öz əzizlərinə geri qaytara bilməyəcəyik, bir də dərdinə dərman olmayan Anaların ürəklərinə vurulan yaraları, sinələrə çəkilən çalın-çarpaz dağları sağalda bilməyəcəyik. Günlər, aylar, illər, çox uzun illər keçəcək, amma sinələrin göynərtisi keçməyəcək. Bu müharibədə qazandığımız qələbənin sahibləri də Şəhidlərimizdir və Azərbaycan var olduqca və var olacaq, onlar unudulmayacaq.
Xocalı unudulmayan bir yaradır. Xocalı qurbanlarını unutmadıq, unutmarıq!
Bakı Slavyan Universitetinin dosent Məmmədova Rəna



