
Tarix hər zaman ədaləti, mərdliyi, igidliyi öz yaddaşına yazmır. Bəzən yazılan tarix düşmənin namərdliyini, hiyləgərliyini, qorxaqlığını ən ağır şəkildə qələmə alır. Xalqımızın qan yaddaşında böyük zəfərlərlə yanaşı acı qəlb yaraları da var. Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən ağır və ən faciəvi, sözlərlə ifadə olunması belə çətin olan hadisəsidir. Bu faciə təkcə bir yaşayış məntəqəsinin deyil, bütövlükdə Azərbaycan xalqının tarixi yaddaşına həkk olunmuş qanlı qətl gecəsidir. Tarixdə dünyanın ədalət gözünün kor olduğu, vicdanının susduğu, zülmün tüğyan etdiyi bir gecə insanlığın bir də şahid olmayacağı dəhşətlər yaşandı. 1992-ci ilin fevral ayında bir gecə ərzində yüzlərlə günahsız mülki şəxsin – qadınların, uşaqların və qocaların erməni silahlı birləşmələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilməsi Ermənistan dövlətinin azərbaycanlılara və ümumilikdə insanlığa qarşı törətdiyi ağır cinayət kimi tarixə düşmüşdür. Xocalı soyqırımı təkcə fiziki məhvetmə aktı deyil, eyni zamanda xalqın iradəsini sındırmağa, onu qorxu və vahimə içində yaşatmağa yönəlmiş planlı siyasətin tərkib hissəsi idi. Bu hadisə zamanı yüzlərlə insan öldürülmüş, minlərlə sakin əsir və girov götürülmüş, ailələr parçalanmış, Xocalı şəhəri isə tamamilə viran edilmişdir. Bu faciənin miqyası və törədilmə üsulu onun soyqırımı aktı olduğunu açıq şəkildə sübut edir. Uzun illər ərzində Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ciddi çətinliklərlə üzləşmişdir. Ermənistan dövləti və dünya erməniləri bu cinayəti ört-basdır etməyə, məsuliyyətdən yayınmağa, hətta Azərbaycanı günahkar kimi təqdim etməyə çalışmışdır.
Belə bir şəraitdə Azərbaycan dövlətinin qətiyyətli mövqeyi və ardıcıl informasiya siyasəti həlledici əhəmiyyət daşımışdır. Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu faciənin dünya miqyasında tanıdılması istiqamətində mühüm rol oynamışdır. Kampaniya çərçivəsində bir çox ölkələrdə konfranslar, simpoziumlar, sərgilər təşkil edilmiş, elmi və publisistik materiallar dərc olunmuşdur. Bu fəaliyyət nəticəsində artıq 20-yə yaxın dövlət Xocalı soyqırımını rəsmi şəkildə tanımışdır ki, bu da tarixi ədalət yolunda mühüm mərhələdir. Lakin Azərbaycan üçün ədalət yalnız beynəlxalq tanınma ilə məhdudlaşmadı. Dövlət öz gücünə, xalqının birliyinə və ordusunun peşəkarlığına arxalanaraq tarixi haqqını döyüş meydanında bərpa etdi. 2020-ci ildə baş vermiş Vətən müharibəsi bu iradənin real və parlaq təcəssümü oldu.
Cəmi 44 gün ərzində Azərbaycan Ordusu işğal altındakı torpaqların böyük hissəsini azad etdi və düşmən kapitulyasiyaya məcbur oldu. 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı isə Ermənistan separatizminə vurulan son və həlledici zərbə idi. Bu əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim ləğv olundu. Azərbaycan dövlətinin suverenliyi tam şəkildə təmin edildi. Bununla da Xocalı soyqırımını törətmiş müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsi üçün real hüquqi zəmin yarandı. Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalı şəhərində inşa olunması dərin rəmzi məna daşıyır. Bu memorial təkcə faciə qurbanlarının xatirəsini əbədiləşdirmir, eyni zamanda Azərbaycan xalqının əyilməz ruhunu, ədalətə olan sarsılmaz inamını təcəssüm etdirir. Bu kompleks gələcək nəsillər üçün həm tarixi dərs, həm də milli yaddaş məkanıdır. Bu gün Xocalı artıq yalnız ağrı və kədərin deyil, eyni zamanda qürur və dirçəlişin simvoludur. Çünki bu torpaqda gec də olsa ədalət təmin edilmişdir. Azərbaycan dövləti sübut etmişdir ki, tarix unudulmur, törədilmiş cinayətlər cəzasız qalmır. Milli iradə, əzm, cəsarət, bir xalqın qüdrəti qarşısında heç bir güc dayana bilməz. Vətən uğrunda verilən hər can, tökülən hər damla qan onun varlığının təminatçısıdır.
Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi


