
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən işğalçılıq və soyqırımı siyasətinin növbəti mərhələsini təşkil edir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində Azərbaycan xalqına qarşı XX əsrin ən dəhşətli soyqırımlarından biri baş verdi. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri məhv edib, azərbaycanlılara qarşı etnik soyqırımı törətmişdir.
Xocalı coğrafi mövqeyi ilə çox mühüm strateji əhəmiyyətə malik idi. Şəhər Xankəndindən yalnız 10 kilometr cənub-şərqdə yerləşir, həmçinin bu bölgədəki yeganə aeroport da Xocalıda idi. Bu geostrateji amil, Ermənistanın bu şəhəri hədəf seçməsini şərtləndirirdi. Soyqırımı yalnız Xocalı ilə məhdudlaşmayıb, ondan əvvəl Azərbaycanın bir çox digər bölgələrində də mülki əhali işgəncələrə məruz qalmışdır.
Xocalı faciəsi eyni zamanda, yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş bir soyqırımı aktıdır. Xocalı şəhərində etnik mənsubiyyətlərinə görə, azərbaycanlılar xüsusi qəddarlıqla öldürülmüş və işgəncələrə məruz qalmışdır. 8 ailə tamamilə məhv edilmiş, yüzlərlə insan girov götürülərək qəddarcasına öldürülmüşdür. Bu soyqırımı dünyada azərbaycanlıların başına gətirilmiş ən böyük faciələrdən biridir.
Xocalı soyqırımının tanıdılması üçün Ulu Öndər Heydər Əliyev tərəfindən ciddi addımlar atılmışdır. 1994-cü ildə Azərbaycan Milli Məclisi, 26 fevralı Xocalı soyqırımı günü olaraq qəbul etmişdir.
Xocalı soyqırımı yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin yaddaşında silinməz izlər buraxan bir faciədir. Bu gün dünyanın bir çox ölkələrində Xocalı faciəsi soyqırımı kimi tanınır və bu istiqamətdə atılan addımların nəticəsi olaraq, erməni cinayətkarlarının cavab verməsi üçün daha çox iş görülməlidir. BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvensiyasına əsasən, Xocalı soyqırımını törədənlər mütləq ədalət qarşısında cavab verməlidirlər.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar hər il geniş tədbirlər təşkil edilir, təbliğat fəaliyyətləri genişlənir və dünya ictimaiyyəti bu faciə barədə daha çox məlumatlandırılır.
Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi