XİN: Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına əngəl törətməyə son qoymalıdır
Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq indi də Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə müdaxilə edir. Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə erməni sakinlərinin nümayəndələrini növbəti dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.
Qeyd edilib ki, Ermənistan tərəfinin bununla son iki ildə yeni Laçın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqu həzm etmədiyi görünür. Ermənistan tərəfinin “reinteqrasiya” termininə düşmən münasibətini gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı çağırış kimi qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni forma və yeni adlar altında davam etdirmək niyyətindən xəbər verir. “Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır”, – deyə A.Hacızadə vurğulayıb.