Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib
Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
Globalnews.az xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətnin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, YAP Xətai Rayon Təşkilatının sədri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, rayonun təhsil, səhiyyə, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib və Ümummilli liderə həsr olunmuş foto sərgi ilə tanış olublar.
Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov Ulu öndər Heydər Əliyevin siyasi kursundan söz açıb, 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu qeyd edib. N.Əhmədov bu günün tarixi əhəmiyyətini qeyd edərək, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb və son onilliklər ərzində qazanılan uğurların Ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov şəxsiyyətin meydana gəlib formalaşmasında tarixi şəraitin yarandığı zaman millətinə, torpağına qəlbən bağlı olanlar, eyni zamanda cürətinə, qabiliyyətinə, istedadına, biliyinə və liderlik bacarığına arxalanıb həyatları bahasına olsa belə xalqlarının tarixini yaradan insanların az olduğunu qeyd edərək, Ümummilli lider Heydər Əliyevin məhz belə şəxsiyyətlərdən olduğunu vurğulayıb. E.Salahov qeyd edib ki, 14 iyul 1969-cu il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması, xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin inkişafının əsasının qoyulduğu tarixdir. Ümummilli lider Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyub.
14 iyul 1969-cu ildən başlayan böyük siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və bunun nəticəsidir ki, müasir, demokratik, müstəqil Azərbaycan dünya səviyyəsində mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, transmilli layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevrilib. 44 günlük Vətən Müharibəsinə toxunan E.Salahov bildirib ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfər, ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.
Sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, şəhid anası Məleykə Məcidova çıxış edib.
Çıxış edən natiqlər bu günün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolunu vurğulayıblar. Ümummilli liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz xidmətləri qeyd edən natiqlər Heydər Əliyevin dünya siyasətçiləri arasında malik olduğu nüfuzundan və respublikanın beynəlxalq aləmdə qəbul olunması üçün etdiklərindən, eyni zamanda Heydər Əliyevin müxtəlif sahələrə olan xüsusi diqqət və qayğısından, gənclərə olan etimadından və gənclərin onlara olan bu etimadı doğrultduqlarından danışıblar.
Mövzu əsasında fikirlərini və şəxsi xatirələrini bölüşən qonaqlar istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.