Gündəm

Xəzər rayonunda ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirilib

Xəzər rayonunda 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.

Globalnews.az xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda keçirilən görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Soltan Məmmədov və Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavini, RİH başçısı Aparatının şöbə müdiri, təhsil müəssisələrinin nümayəndələri və tələbə adını qazanmış gənclər iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Görüş Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin 2002-2003-cü tədris ilində ali təhsil ocaqlarına ən yüksək balla qəbul olunmuş tələbələrlə görüşündən hazırlanmış video çarxa baxıblar.

Çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov ali təhsil ocaqlarına qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablandığını və təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyevin bu sahəyə çox böyük diqqət və qayğı göstərdiyini qeyd etdi. Elşən Salahov bildirdi ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son illərdə ölkədə yeni məktəb bina və komplekslərinin tikintisi eyni zamanda köhnələrin əsaslı təmiri böyük vüsət almışdır. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər, ölkənin hər guşəsində müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları şagirdlərin istifadəsinə verilib. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər.

Sonra Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və təhsil müəssisələrinin nümayəndələri çıxış edərək, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühitin formalaşdığını, məktəblilərin milli ruhda yetişdiklərini qeyd ediblər və bu nailiyyətlərin dövlətin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıblar.

Çıxış edən natiqlər tələbə adını qazanan gənclərə yeni yeni nailiyyətlər arzulayıblar.

Görüşdə həmçinin qəbul imtahanında 675,8 bal toplayan Buzovna qəsəbəsi 26 nömrəli məktəbin məzunu Rəsul Mustafazadə çıxış edərək, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya gənclər adından öz təşəkkürünü bildirib.

Tədbirdə 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələr Xəzər Rayon İcra Hakimiyyəti tərəfində Diplomlarla təltif olunaraq onlara qiymətli hədiyyələr təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.

Oxşar Xəbərlər

Back to top button