Xəzər rayonunda “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” qeyd olunub

Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Başçının müavini Lalə Əhmədova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Xəzər rayonunun təhsil işçiləri iştirak ediblər.
Globalnews.az xəbər verir ki, YAP Xəzər rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə ilk öncə qonaqlar foyedə Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək, abidəsi önünə güllər düzüblər. Akt zalında davam edən görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Bayram tədbirini YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov açaraq bu əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. N. Əhmədov ölkə rəhbərliyinin təhsil sahəsinə diqqət və qayğısından, aparılan islahatlardan danışıb, 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüzün bərpası naminə gənclərimizin göstərdiyi qəhrəmanlıqlardan, onların şücaətindən söhbət açmışdır.
RİH başçısının I müavini Elşən Qurbanov çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçıları olan ölkə başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstək və qayğısı nəticəsində ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb və bugün də bu işlər davam etdirilir. Bunun təzahürü kimi rayon ərazisində yeni təhsil müəssisələrinin inşa edilərək istifadəyə verilməsi, eyni zamanda mövcud təhsil müəssisələrində aparılmış əsaslı təmir işlərini, gənclərimizin yüksək səviyyədə təhsil almasına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına şərait yaradıldığını qeyd edib. Eyni zamanda, E.Qurbanov çıxışında vurğulayıb ki, məhz bu diqqət və qayğının nəticəsidir ki, Xəzər rayonunda tələbə adını qazanan abituriyentlərdən 73-ü 600-dən yuxarı bal toplayaraq ali təhsil ocaqlarına daxil olublar. Ümumilikdə isə bu il rayon üzrə ali məktəblərə qəbul nəticəsi 67,7 faiz təşkil etmişdir.
Tədbir iştirakçılarından çıxış edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, 322 №li tam orta məktəbin direktoru Taleh Şahbazov rayon müəllimləri adından təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra təhsilin inkişafindakı xidmətlərinə və rayonun ictimai həyatında fəal iştirakına görə fərqlənən bir qrup təhsil işçisinə Xəzər RİH başçısının və YAP Xəzər rayon təşkilatının Fəxri Fərman və hədiyyələri təqdim olunub. Tədbirin sonunda xatirə şəkili çəkilib.