Xəzər rayonun nümayəndə heyəti Çində səfərdə olub
Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhərinin Nanşa rayonu arasında 2021-ci il sentyabrında imzalanmış “Əməkdaşlığın gücləndirilməsi barədə anlaşma memorandumu”na uyğun olaraq, Nanşa tərəfinin dəvəti əsasında Xəzər rayonunun nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.
Globalnews.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Quancou Bələdiyyə Partiya Komitəsinin Daimi Komitəsinin üzvü, Nanşa Rayon Partiya Komitəsinin katibi Lu Yixianla görüşüb. Nümayəndə heyətini salamlayan Lu Yixian səfərin əhəmiyyətini yüksək qiymətləndirdiyini vurğulayaraq, ikitərəfli əlaqələrin inkişafının hər iki ölkənin maraqlarına cavab verdiyini diqqətə çatdırıb. O, Nanşa rayonunun son illərdə sürətlə inkişaf etdiyini, Çinin vacib nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb. İki ölkə arasında münasibətlərin regionlararası əlaqələrin möhkəmləndirilməsi üçün çox yaxşı zəmin yaratdığını bildirib.
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı qeyd edib ki, Azərbaycan Çinlə əlaqələrə böyük əhəmiyyət verir. İki ölkənin dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan siyasi dialoq ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün imkan yaradır, regionlar arası əməkdaşlıq da burda istisna deyil, hətta prioritet təşkil edir. Azərbaycan hesab edir ki, regionlar arasında əlaqələrin inkişafı ümumilikdə ikitərəfli münasibətlərin möhkəmlənməsinə də töhfə verə bilər. Bu baxımdan, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi Çin və Azərbaycanın bölgələri, o cümlədən Xəzər və Nanşa rayonları arasında əməkdaşlığın dərinləşməsinə dəstək verməyə hazırdır.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını bildirib. Səfərin Xəzər və Nanşa rayonları arasında imzalanmış memorandumun icrası baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib.
Milli Məclisin deputatı, Azərbaycan-Çin Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov Çinlə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. İki ölkənin parlamentlərinin işçi qrupları arasında əməkdaşlığın tarixi barədə məlumat verib. Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi mədəni layihələr haqqında danışıb.
Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov iki ölkənin hakim siyasi partiyaları arasında sıx əlaqələrin olduğunu diqqətə çatdırıb. Hər iki partiyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini xatırladıb.
Nümayəndə heyəti Nanşa rayonunun rəhbəri Yu Yanqla da görüşüb. Nanşa rayonunun rəhbəri Azərbaycan nümayəndə heyətinin səfərini ikitərəfli əlaqələrin inkişafının göstəricisi kimi qiymətləndirdiyini vurğulayıb. İqtisadiyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə sıx əlaqələrin qurulması üçün yaxşı potensialın olduğunu qeyd edib. Nanşanın iqtisadi imkanları, Quancounun umumi inkişafında rolu barədə ətraflı məlumat verib. Qarşılıqlı səfərlərin ortaq maraqlarla bağlı məsələlərin ətraflı müzakirəsi üçün çox effektiv platforma olduğunu deyib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov 2021-ci ildə imzalanmış memorandumun icrası üçün birlikdə görüləcək işlər haqqında danışıb. Xəzər rayonunun iqtisadi potensialı, sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində yaradılmış şərait, rayonun turizm, səhiyyə, təhsil, mədəniyyət, infrastruktur imkanları haqqında ətraflı məlumat verib. E.Salahov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Çinlə əlaqələrin təməlinin qoyulmasında müstəsna xidmətləri olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, 2023-cü ilin Azərbaycanda «Heydər Əliyev ili» elan edildiyini bildirib. İcra Hakimiyyətinin başçısı Nanşa rayonu rəhbərliyini Azərbaycana səfərə dəvət edərək, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin Azərbaycanda çoxsaylı tədbirlərlə qeyd olunduğu bu il ərzində belə səfərlərin reallaşmasının ikitərəfli əlaqələrdə dostluq nümunəsi kimi tarixə düşəcəyinə əmin olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Soltan Məmmədov Xəzər rayonu ilə Nanşa rayonu arasında əlaqələrin inkişafı üçün bütün imkanların dəqiq və əhatəli təhlil edilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, iki ölkənin qarşılıqlı əlaqələrinin pozitiv ruhu, ötən müddətdə görülmüş işlər regionlar arasında da əlaqələrin inkişafına yaxşı zəmin formalaşdırıb.
Görüşdə Xəzər rayonu ilə Nanşa rayonu arasında imzalanmış “Əməkdaşlığın gücləndirilməsi barədə anlaşma memorandumu”nun icrası ilə bağlı tədbirlər planı ətrafında fikir mübadiləsi aparılıb. Tədbirlər planının reallaşması üçün görüləcək işlər, həyata keçirilməsi nəzərdə tutulmuş birgə layihələrin bütün aspektləri geniş müzakirə olunub. Tərəflər hər iki ölkənin müvafiq qanunvericiliyi çərçivəsində tədbirlər planının icrası üçün zəruri hüquqi prosedurların dəqiqləşdirilməsi, eləcə də müvafiq dövlət orqanları ilə məsləhətləşmələr aparılması barədə razılığa gəliblər.
Rəsmi şəxslərlə yanaşı, iş adamlarının da təmsil olunduğu nümayəndə heyəti səfər çərçivəsində Nanşa rayonunda fəaliyyət göstərən istehsalat, innovasiya və texnologiya obyektləri, təhsil, səhiyyə müəssisələri, turizm və nəqliyyat-logistika mərkəzləri ilə tanış olublar. Nümayəndə heyətinə Nanşada son illər ərzində həyata keçirilən irimiqyaslı layihələr, rayonunun perspektiv inkişaf planları, investisiya potensialı barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, səfərin məqsədi 2021-ci ildə imzalanmış memoranduma uyğun olaraq, tərəflər arasında iqtisadi, mədəni, humanitar əməkdaşlığın, bu məqsədlə müxtəlif sahələrə sərmayə qoyulmasının təşviqinə nail olmaqdır.