AnalitikaGündəmSiyasət

Xarıbülbülün yenidən açan çiçəyi – Şuşanın dirçəlişi

Qarabağın dağlarında bitən xarıbülbül Azərbaycan xalqının yaddaşında Şuşanın, Qarabağın və milli azadlıq duyğularının rəmzinə çevrilmişdir. Bu zərif çiçək öz nadir gözəlliyi ilə yanaşı, xalqımızın çətinliklər qarşısında əyilməyən iradəsini, doğma torpağa bağlılığını və azadlıq arzusunu ifadə edir. Şuşa ilə xarıbülbülün adı bir-birindən ayrılmazdır. Uzun illər işğal altında qalan şəhərin həsrəti ilə yaşayan xalqımız üçün bu çiçək həm nisgilin, həm də qayıdışa olan inamın simvolu olmuşdur. Bu gün isə Şuşada xarıbülbül yenidən azad səmalara açır, şəhərin dirçəlişini və yeni həyatını tərənnüm edir.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının tarixində dönüş nöqtəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində şəhər öz azadlığına qovuşdu. Şuşa uğrunda döyüşlərdə hərbçilərimizin göstərdiyi igidlik, fədakarlıq və Vətən sevgisi xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olundu. Bu qələbə ilə Azərbaycan xalqı təkcə mühüm strateji şəhəri deyil, həm də öz mənəvi dəyərlərinin, mədəni irsinin və tarixi yaddaşının ayrılmaz hissəsini geri qaytardı. Şuşanın azadlığı bütün ölkədə böyük sevinc və qürur hissi yaratdı.

Azadlıqdan sonra Şuşada başlanan genişmiqyaslı bərpa işləri şəhərin yenidən dirçəlməsinə imkan yaratdı. Tarixi abidələr, məscidlər, mədəniyyət ocaqları bərpa olunur, yeni yollar salınır, müasir yaşayış və ictimai infrastruktur yaradılır. Şəhərdə keçirilən Xarıbülbül Beynəlxalq Musiqi Festivalı isə azad Şuşanın dünyaya ünvanladığı mühüm mədəniyyət mesajıdır. Müxtəlif ölkələrdən gələn qonaqlar burada Azərbaycan musiqisini, incəsənətini və zəngin mədəni irsini yaxından tanıyırlar. Şuşanın yenidən beynəlxalq mədəniyyət məkanına çevrilməsi dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.

8 Noyabr – Şuşa Şəhəri Günü xarıbülbülün azad torpaqda yenidən çiçəklənməsinin, milli ruhumuzun qalibiyyətinin rəmzidir. Bu əlamətdar gün bizə xatırladır ki, Vətən sevgisi heç bir zaman sönmür, milli yaddaş heç vaxt silinmir və xalqın azadlıq arzusu gec-tez gerçəkləşir. Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi daim yaşayacaqdır. Bu gün xarıbülbül azad Şuşanın qoynunda açaraq bir həqiqəti dünyaya bəyan edir: Azərbaycan öz tarixinə, mədəniyyətinə və torpaqlarına sahib çıxan qüdrətli dövlətdir.

Nərmin İmanova,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button