
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Heydər Əliyev
Ümummilli Lider
Xocalı soyqırımı Azərbaycan və bəşəriyyət tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Xocalı şəhəri 1991-ci ilin oktyabr ayından etibarən blokadaya alınmış, oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi kimi yalnız vertolyot qalmışdı. Şəhərə sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Xocalı əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstələri, milis əməkdaşları və Milli Ordunun döyüşçüləri tərəfindən həyata keçirilirdi.
1992-ci ilin fevral ayının ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri tərəfindən tam mühasirəyə alınmış, şəhər hər gün toplardan və ağır texnikadan atəşə tutulmuş, hücumlara məruz qalmışdı.
1992-ci il fevralın 25-i axşam saatlarından etibarən şəhər güclü artilleriya və zirehli texnikadan intensiv atəşə tutulmuşdur. Nəticədə şəhərdə yanğınlar başlamış, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tamamilə alova bürünmüşdür. Keçmiş SSRİ dövründə Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin iştirakı ilə şəhər işğal edilmişdir. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə qarşı amansız qırğın törətmişlər.
Bu faciə nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan:
63 nəfər uşaq,
106 nəfər qadın,
70 nəfər qoca idi.
8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
487 nəfər yaralanmışdır (onlardan 76 nəfəri uşaq), 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi isə uzun müddət naməlum qalmışdır.
1992-ci il 1 aprel tarixinə olan hesablamalara əsasən dövlətə və əhaliyə 5 milyard rubl məbləğində maddi ziyan vurulmuşdur. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış evi, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır. XIV–XV əsrlərə aid türbələr, günbəzlər və məzarlar məhv edilmiş, qəbiristanlıq vandalizmə məruz qalmış, bölgənin qədim sakinləri olan azərbaycanlılara aid izlər silinməyə çalışılmışdır.
Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edən Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq səviyyədə siyasi qiymət verilməsinin vacibliyini vurğulamış və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atmışdır. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir.
Ulu Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun həyata keçirdiyi layihələr nəticəsində dünya ictimaiyyəti Xocalı soyqırımı barədə daha dolğun məlumatlandırılmışdır. Aparılan sistemli fəaliyyət nəticəsində Xocalı soyqırımı bir sıra ölkələrin parlament aktlarında tanınmış və yad edilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. 2023-cü ilin sentyabr ayında həyata keçirilən tədbirlər nəticəsində Xocalı tam nəzarətə götürülmüş, oktyabrın 15-də şəhərdə Azərbaycan bayrağı ucaldılmışdır. Bu gün Xocalı yenidən qurulur və dirçəlir.
Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Şəhidlərimizin xatirəsini ehtiramla yad edirik. Onların ruhu şaddır — çünki Azərbaycan qalib dövlətdir.
Mətanət Mustafayeva,
SOCAR Neft Kəmərləri İdarəsinin əməkdaşı


