GündəmAnalitikaSiyasət

Xalq-iqtidar birliyi sabitliyin qarantıdır

Prezident İlham Əliyev 21 illik fəaliyyəti dövründə Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi çəkiyə malik olan dövlət kimi imicini yaratmışdır. Müstəqil Azərbaycanın yürütdüyü siyasət dövlətimizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib.

Regionda yeni reallıqların müəllifi olan Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Müstəqillik tarixində ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın bütün ərazilərində ilk dəfə – 2024-cü il fevralın 7-də Zəfər seçkisi adlandırılan prezident seçkiləri keçirildi. Cənab İlham Əliyevin bu seçkilərdə 92,12 faiz səslə qalib gəlməsi bir daha təsdiqlədi ki, xalq-iqtidar birliyi, həmrəyliyi sarsılmazdır.

Dövlətimizin başçısı prezidentlik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirmişdir.

Cənab İlham Əliyev tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini uğurla daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirməklə hər bir azərbaycanlının Prezidenti oldu. Dövət başçısının diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. 2003-2023-cü illərdə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ilin sonuna bu rəqəm 3500 manatdan çoxdur. 2003-2023-cü illərdə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Statistik rəqəmlərin dili ilə desək, bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. Təbii ki, bütün bunlar bir daha deməyə əsas verir ki, son 21 il ərzində bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib.

Azərbaycanda nəhəng enerji layihələri, genişmiqyaslı abadlıq-quruculuq işləri gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir.

Bu günlərdə Azərbaycanın D-8 təşkilatına üzvl qəbul edilməsi ölkəmizin müstəqillik tarixində əldə olunan növbəti beynəlxalq diplomatik uğurdur. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malik, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən D-8-ə üzvlük Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha bir göstəricisidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi kimi tarixdə yer aldı. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının nümunəsidir. Azərbaycan bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdi.

Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Təbii ki, bu işlərin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman ən yüksək səviyyədə qiymətləndirir.

Azər Süleymanov,
YAP Nəsimi rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button