
Respublikamızın Prezidenti cənab İlham Əliyev tez-tez dünyanın müxtəlif nüfuzlu mətbuat orqanlarına müsahibələr verir, istər regionda, istərsə də qlobal miqyasda cərəyan edən hadisələr haqqında öz dəyərli fikirlərini bölüşür. Son belə müsahibə cənab prezidentin 6 may 2025-ci il tarixində Vyetnamın “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə olmuşdur. Müsahibə zamanı prezident İlham Əliyev Azərbaycan-Vyetnam münasibətlərinin tarixi, inkişafı, ikitərəfli münasibətlərin perspektivləri barədə ətraflı məlumat vermiş, təhsil sahəsində qarşılıqlı münasibətlərdən danışaraq, bu münasibətlərin inkişafından öz məmnunluğunu ifadə etmişdir:
“Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Mənim 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.
Ölkələrimiz arasında mədəni əlaqələrdən söz düşmüşkən qeyd etmək istərdim ki, onlar müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi.
Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkənizə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
Beləliklə, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir.”
Tamerlan Qurbanov,
YAP Siyəzən RT-nın məsləhətçisi