AnalitikaGündəmSiyasət

Vaşinqton görüşü: münaqişədən sülhə

8 avqust 2025-ci il Azərbaycan və Ermənistan üçün tarixi bir gün oldu. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən üçtərəfli görüş təkcə diplomatik mərasim deyildi. Bu, illərdir davam edən münaqişənin sülh yolu ilə həllində yeni və real ümidlər yaradan dönüş nöqtəsi kimi yadda qalacaq.

Bu görüşün ən önəmli tərəfi liderlərin ərazi bütövlüyünə hörmət əsasında sülhə yönəlmiş ortaq niyyətlərini bəyan etmələri oldu. İlham Əliyevin qətiyyətli mövqeyi və diplomatik bacarığı, Donald Trampın vasitəçilik rolu ilə birləşərək uzun illər nəticəsiz danışıqları yeni səviyyəyə qaldırdı.

Müzakirələr zamanı bir sıra mühüm qərarlar qəbul edildi. İlk növbədə, Azərbaycan və Ermənistan arasında qarşılıqlı sülh bəyannaməsinin imzalanması tərəflər arasında münasibətlərin normallaşması üçün əsas mərhələ kimi qiymətləndirildi. Bu bəyannamə ilə 30 ildən uzun gərginlikdən sonra regionda sabitliyin bərqərar olması istiqamətində ciddi addımlar atıldı.

Görüşün ən diqqət çəkən məqamlarından biri “Trump Route for International Peace and Prosperity” adlı yeni nəqliyyat və iqtisadi dəhlizin təsis edilməsi oldu. Bu dəhliz Azərbaycanı Naxçıvanla birbaşa birləşdirəcək və Ermənistan ərazisindən keçəcək. ABŞ-nin 99 illik inkişaf hüququ ilə idarə olunacaq bu marşrut yalnız nəqliyyat əlaqələrini gücləndirməyəcək, həm də enerji, kommunikasiya və ticarət sahəsində bölgənin inteqrasiyasını təmin edəcək. Bu marşrutun fəaliyyətə başlaması Azərbaycanın regionda iqtisadi gücünü artıracaq.

1992-ci ildən başlayaraq ATƏT-in mandatı ilə  Azərbaycan-Ermənistan münaqişənin həlli üçün “vasitəçilik” edən Minsk Qrupu, Vaşinqton görüşündə hər iki ölkənin Xarici İşlər Nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar. Uzun illər nəticəsiz qalan və Ermənilərin maraqlarına xidmət edən bu qrumun ləğvi zəruridir.

Vaşinqton görüşünün önəmli addımlarından biri də ABŞ-nin 33 il əvvəl qəbul etdiyi və Azərbaycanla əlaqəli ABŞ yardımını məhdudlaşdıran 907-ci düzəlişin ləğv edilməsidir. 1992-ci ildə qəbul olunan bu düzəliş Azərbaycan hökumətinə birbaşa maliyyə və digər növ yardımların verilməsini qadağan edirdi və bölgədə siyasi təcridə səbəb olmuşdu.

Bu qərarın ləğvi Azərbaycan üçün iqtisadi və diplomatik baxımdan yeni imkanların açılması deməkdir. ABŞ ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsi və iqtisadi əməkdaşlığın genişlənməsi, regionun inkişafına təkan verəcək. Eyni zamanda, bu addım Cənubi Qafqazda sülh və əməkdaşlıq mesajı olaraq da böyük önəm daşıyır.

Vaşinqton görüşündə həmçinin Zəngəzur dəhlizinin ABŞ-nin  hüquqi nəzarəti altında sublease (təyin olunmuş müddət üçün icarə) formatında işlənməsi qərarı gündəmdədir. Bu da öz növbəsində Cənubi Qafqazın iqtisadi birliyinin güclənməsinə xidmət edəcək.

Azərbaycan və Ermənistan liderləri gələcəkdə tam və hüquqi əsaslı sülh müqaviləsinin imzalanması üçün konkret addımlar atacaqlarına bəyannamə imzaladılar. Bu, yalnız hər iki ölkənin deyil, bütün Cənubi Qafqazın təhlükəsizliyi və inkişafı üçün vacib bir addım oldu.

Vaşinqton görüşündən sonra regionda bir çox siyasi və iqtisadi dinamika dəyişəcək. Azərbaycan üçün bu, təkcə torpaqların azad olunması deyil, həm də iqtisadi potensialın genişlənməsi, beynəlxalq münasibətlərdə mövqeyin güclənməsi deməkdir. Ermənistan üçün isə, bu, uzun müddətdir əldən verilmiş iqtisadi imkanların bərpası və diplomatik təcriddən çıxış yolu olacaq.

44 günlük Vətən müharibəsindən sonra 8 avqust Vaşinqton görüşü Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsidir. İlham Əliyevin qətiyyətli siyasəti və çevik bacarığı, Donald Trampın tərəfdaşlığı ilə əldə edilən razılaşmalar regionda uzun müddətli sülh və əməkdaşlıq üçün güclü zəmin yaradır.

“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” – İlham Əliyevin bu sözünün qüdrətinə biz hər zaman inanmışıq, ona güvənmişik və ən çətin anlarda belə yolumuzu bu inamla tapmışıq. Bir Azərbaycan gənci olaraq bizə bu möhtəşəm tarixi yaşatdığı üçün cənab Prezidentə dərin təşəkkürümüzü və qürurumuzu bildiririk. Xalqımızın iradəsi, dözümü, cənab Prezidentin özünəməxsus liderlik üslubu, çevik və qətiyyətli qərarları, siyasi mədəniyyəti, özünəinamı və xalqla birgə addımlaması dünya liderlərinə və siyasi tarixə yazılacaq nümunəvi bir yol xəritəsidir. Bu, həm də müasir Azərbaycanın gücünü və milli birliyimizi bir daha nümayiş etdirdi.

Məltəm Anar
Bakı Slavyan Universitetinin Jurnalistikaixtisası üzrə III kurs tələbəsi

Oxşar Xəbərlər

Back to top button