Dünya dövlətləri içərisində söz sahibi olan Müstəqil Azərbaycan Respublikası bu gün heç kimdən asılı olmayan, öz müqəddəratını sərbəst həll etməyə qadir olan, müstəqil sosial-iqtisadi siyasət yürüdən güclü dövlətdir. Vətən tarixinə şanlı qurtuluş səhifəsi kimi yazılmış 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı fəlakətdən xilas etmək missiyasına və dünya düzənində müasir dövlətçiliyimizin quruculuğuna başlamışdır. 1992-ci ildə xalqın adından onu yenidən ümumrespublika səviyyəsində aktiv siyasi fəaliyyətə dəvət edən 91 ziyalıya verdiyi cavabla Ümummilli Lider yalnız öz siyasi manifestini deyil, Azərbaycan dövlətinin gələcək hədəflərini müəyyən etdi, XIX əsrin sonları, XX əsrin əvvəllərində rüşeym halından Xalq Cümhuriyyətinin elanınadək qısa müddətdə sürətli inkişaf yolu keçmiş azərbaycançılıq ideologiyasının yeni baxışla yeni dövrə uyğunlaşdırılmasının əsasını qoydu. Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu onun siyasi varisi, 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev tərəfindən uğurla davam etdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib: “Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır.
Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.”
Prezidentin ilk addımları Ümummilli Liderin əsasını qoyduğu neft siyasətini uğurla hədəf mərhələsinə çatdırmaq, daxil olan neft gəlirlərini nəzərdə tutulan məqsədlərə -böyük quruculuq işlərinə, əhalinin sosial rifahının yüksəldilməsinə yönəltmək oldu. Dövlətimizin başçısı demişdir: “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”. Azərbaycanda yoxsulluğun azaldılmasına, regionların inkişafına dair dövlət proqramları qəbul olundu, böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyiş əldə edildi, iqtisadiyyatın hər bir sahəsində: neft-qaz hasilatında, neft-kimya sənayesində, kənd təsərrüfatında, turizmdə, enerji sektorunda, nəqliyyatda, mədən sənayesində, yüngül və qida sənayesində, qeyri-neft sektorunda və s. ciddi nailiyyətlər qazanıldı.
Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda sadəcə zahiri modernləşmə, infrastruktur yenilənməsi baş verməyib, eyni zamanda, dövlət aparatının müasir standartlara uyğunlaşdırılması, optimallaşdırılması, sistem xarakterli fundamental islahatlar aparılması istiqamətində mühüm addımlar atılıb. “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir”, – deyən dövlətimizin başçısının müvafiq sərəncamları ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilib, əhaliyə göstərilən xidmətlər vahid sistemdə birləşdirilərək “ASAN xidmət” mərkəzləri yaradılıb. Dövlətimizin başçısının əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST) yaradılması və digər qərarları xalqa xidmət siyasətinin davamıdır. Bütün bunlar respublikamızda gedən düzgün iqtisadi proseslərin və həyata keçirilən mütərəqqi islahatların nəticəsidir. Başqa cür desək, bütün bu iqtisadi uğurlar şəffaflaşmanın, korrupsiya ilə mübarizənin, maliyyə nizam-intizamının təmin edilməsinin, investisiya mühitinin daha da sağlamlaşdırılmasının bəhrələridir. Göründüyü kimi, Prezident İlham Əliyevin inkişaf siyasəti dövlətimizi qarşıda dayanan bütün hədəflərə uğurla çatdırır.
Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin tarix müəllimi