Ümummilli Liderimizin gördüyü işlər gələcəyimiz üçün uğurlu yol açdı
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tarixdə önəmli uğurları və nailiyyətləri olan şəxs kimi iz qoymuşdur. Bu uğurlardan ən önəmlisi ölkənin çətin zamanlarında sakitlik yaratmaq üçün çox çalışmış, yaranan parçalanmanın qarşısını almışdır. Ölkəyə rəhbərlik edən şəxslərin səriştəsizliyi, qeyri-siyasi qüvvələrin hakimiyyət hərisliyi torpaqlarımızın işğalına, insanların mənəviyyatına ağır zərbə vururdu. Hakimiyyətdəki şəxslər insanların taleyini, respublikanın gələcəyini yox, silaha güvənib ətrafına adam toplamaqla, dövlət idarəetməsində təcrübəsi olmasa da, yalnız vəzifə düşünürdülər. Bütün bunlar suverenliyimizi pozmuş, iqtisadiyyat çökmüş, ölkə daxilində xaos, parçalanma yaranmışdı. Hakimiyyət uğrunda insanların gələcəyini düşünməyən vəzifə sahibləri ölkədə faciə törətmiş, günahsız insanlar həlak olmuşdu.
15 iyun 1993-cü il millətin özünə qayıdışı demək idi. Azərbaycanın müstəqillik tarixində yeni dövr başlandı. O dönəmdə vəziyyətin gərginləşməsi ilə bağlı ölkə rəhbərliyi Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix ilə siyasi qayıdış başlandı. Ulu Öndərin yenidən hakimiyyətə gətirilməsi məhz onun xalq, vətən qarşısındakı xidmətlərindən, insanlara sevgisi və qayğısından irəli gəlirdi. İnsanlar anlayırdı ki, bu çətin dönəmdən, iqtisadi və siyasi böhrandan qarşıdurmalardan torpağına xalqına bağlı, uzaqgörən rəhbər xilas edə bilər. Bu şəxs Heydər Əliyev idi.
Ali Sovetə sədr kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq üçüm tədbirlər gördü. Milli Məclisin iclasları, konfranslar birbaşa televiziya ekranlarına verildi. Ordu quruculuğu sahələrində mühüm qərarlar qəbul edildi. Silahlı birləşmələrin heçkimə tabe olmadığı, qarşıdurmaların səngimədiyi dönəmdə ölkədə qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi. ”Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada zamanın tələbinə uyğun dəyişiklik edildi.
Milli liderlik və siyasi liderlik keyfiyyətlərini özündə birləşdirdiyi üçün dahi lider idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. 1993-cü il 24 iyun tarixində prezident səlahiyyətlərini icra etməyə başlaması ilə əlaqədar Ulu Öndərin dediyi və qarşıya qoyduğu bütün vəzifələrə, gərgin zəhməti, bacarığı, uzaqgörənliyi, düşüncələri sayəsində əməl etdi. Vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycanın müstəqilliyini qorudu. Ölkədə ictimai-siyasi sabitlik yarandı, beynəlxalq layihələr reallaşdırıldı.
Ulu Öndərin xalqa müraciətindən sonra Vətən sevgisi olan, Vətəndən kənarda hərbi xidmət keçən peşəkar zabitlərimiz Azərbaycana axın etmişdi. Qarabağda davam edən gərgin döyüşlərdə erməni qüvvələri Azərbaycan ordusunun hücumları qarşısında tab gətirmirdi. Hərbi uğursuzluqla üzləşdiyini görən erməni rəhbərliyi 1994-cü il 4may tarixində Rusiyanın atəşkəs təklifindən sonra 8may tarixində “Bişkek” protokolunu imzaladı və 1994-cü il 12 may tarixində qüvvəyə mindi. Ölkənin iqtisadi inkişafı üçün “Əsrin müqaviləsi” 1994-cü il 20sentyabr tarixində Azərbaycanın Dövlət Neft şirkəti ilə 6 ölkənim 10 şirkəti arasında bağlandı. Müqavilənin əhəmiyyəti 1999-cu il dekabrında Azərbaycanın “mənfəət nefti”ilə doldurulmuş ilk tankeri dünya bazarına çıxarılması idi. Həmçinin bu neftin satışından əldə olunan gəlir Azərbaycan Respublikasının Dövlət Neft Fonduna daxil edildi. ”Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdi. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti iıə 26 müqavilə imzalanmasına yol açmışdır. Bakı-Tiblisi-Ceyhan neft, Bakı-Tiblisi-Ərzurum qaz kəmərlərinin çəkilişi Ümummilli Liderin iradəsi, uzaqgörənliyinin nəticəsi kimi reallaşmışdı.
Heydər Əliyevin məntiqli nitqi, natiqlik məharəti yüksək idi. Onun nitqi dəqiq və konkret idi. Çıxışlarında dəqiq faktlardan istifadə edirdi. ”Azərbaycançılıq” ideologiyası onun üçün əsas idi. ”Mən həmişə fəxr edirəm ki, mən azərbaycanlıyam. ”-bu ifadə hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirib çıxaran şəxs məhz Ulu Öndər olmuşdu. O, ermənistanın işğalçılıq siyasətinin pisləndiyi bəyanatların qəbul olunmasına nail olmuşdu. Heydər Əliyevin rəhbərliyi nəticəsində 1993-cü ildən Azərbaycan müstəqil həyat yaşayır. Konstitusiya qəbul edildi, siyasi islahatlar aparılmağa başlanıldı. Bazar iqtisadiyyatına keçid onun təşəbbüsü ilə baş vermişdi.
Bu gün də ölkəmiz Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasi yolun üzərində inkişaf edir.
Səfərova Təranə
Xəzər rayonu, 262 №li tam orta məktəbin müəllimi