Analitika

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır

Cəmiyyət həyatı önəmli insanlarla, böyük tarixi şəxsiyyətlərlə zaman-zaman zənginləşir. Təbii ki, şəxsiyyətlərin tarix və cəmiyyəti zənginləşdirməsi bu və ya digər xalqın həyatında say və kəmiyyət etibarı ilə həmişə fərqli olubdur.

Hər dəfə xalqımızın tarixində silinməz və danılmaz yeri olan böyük simaların, müdrik insanların sırasına nəzər salanda Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin yeri ön cərgədə görünür. Bu bəlkə xalqın və onun tarixinin ən böyük qazanclarından biridir. Heydər Əliyev böyüklüyü ondan irəli gəlir ki, o, xidmətləriylə bu xalq üçün, bu dövlət üçün etdikləriylə xalqı tərəfindən bütün zamanlar üçün birinci olmaq haqqını qazanıbdır.

Böyük rəhbərin strateji ustalığını onun nitqləri və sözləri ilə real siyasi qərarları arasındakı mövqedə görmək olardı. Çıxışlarında ulu öndər alovlu bir beynəlmiləlçi kimi danışır və düşmənlərinin, erməni daşnakların istifadə edəcəyi arqumentləri onların əlindən alırdı. Əməldə isə bütün qərarlar Azərbaycan Respublikasının hər bir sahəsində yüksəldilməsinə yönəlmişdi. Bu xətt əvvəlcə milli ruhlu kadrların aparıcı vəzifələrdə yerləşdirilməsində, ikincisi, erməni millətindən olan şəxslərin mühüm və çoxgəlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz əksini tapırdı.

Azərbaycanı müstəqillik idealına tərəf aparmaq üçün Heydər Əliyevin qarşısında o zaman iki əsas vəzifə dururdu: birincisi, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirib müstəqil ölkə kimi yaşaya biləcək bir səviyyəyə qaldırmaq idi. Ona görə 1969-1982-ci illəri müstəqilliyin iqtisadi əsaslarını yaratmaq mərhələsi adlandırmaq olar. İkinci vəzifə isə Azərbaycan Sovet Respublikasının bütün hüceyrələrində yuva salmış erməni hökmranlığını hiss olunmadan dağıtmaq. Bu mürəkkəb vəzifələri Heydər Əliyev cəmi on üç il ərzində həyata keçirdi.

Ulu Öndərimizin birmənalı şəkildə qarşıya qoyduğu vəzifələr Azərbaycanın düzgün yolda olduğunu, inkişaf və tərəqqi istiqamətini tutduğunu hər kəsə göstərdi. Bütün zamanların hakimi və yaddaşı xalqdır. Məhz bu mənada Azərbaycan xalqı doğum gününü qeyd etməyə hazırlaşdığı Ulu Öndərinin əbədiyaşar bir tarixi şəxsiyyət olduğu barədə hökmünü artıq çoxdan veribdir. Ümummilli Liderin doğum günü ərəfəsində görülən tədbirlər, xalqın əhval ruhiyyəsi bu dediklərimizi bir daha sübut edir. Danılmaz bir həqiqət də var ki, Heydər Əlirza oğlu Əliyev öz əbədiyaşarlığını xalqımızın ürəyində özü yaşadır. Bu haqq ona Tanrıdan və Azərbaycan xalqından verilibdir.

Rəna Suleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button