Ümumilli Liderin hakimiyyətə qayıdışı ilə dövlətimiz yox olmaq təhlükəsindən qurtuldu
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi Azərbaycan xalqında düçar olduğu fəlakətdən qurtulmağa bir ümid yaratdı. 1993-cü il iyunun 24-də Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsinə dair qərar qəbul etdi. Onun Prezident səlahiyyətlərinin icrasına başlaması xalqın ümidinin doğrulmasının, gerçəkliyə çevrilməsinin başlanğıcı oldu. İyunun 15-də Ali Sovetin sədri seçilərkən parlamentin iclasında etdiyi tarixi çıxışında ümummilli lider Heydər Əliyev bəyan etdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır və Azərbaycan Respublikası bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Prezident səlahiyyətlərinin icrasına başladığı gündən ulu öndər Heydər Əliyev bəyan etdiyi həmin amallar uğrunda və xalqın ondan umduğu qurtuluş missiyasını yerinə yetirmək yolunda qətiyyətlə və yorulmadan fəaliyyətə başladı. O bildirib ki, bir tərəfdən Ermənistanın təcavüz və işğalına məruz qalmış, digər tərəfdən müxtəlif qruplar arasında çəkişmə və qarşıdurmalar nəticəsində nizamı pozulmuş, taqətdən düşmüş və böhran yaşayan ölkədə ulu öndər Heydər Əliyevin qarşısında, eyni zamanda, çoxlu sayda problemləri həll etmək vəzifəsi dururdu. Ordu quruculuğu ən təxirəsalınmaz problemlərin başında gəlirdi. Çünki Ermənistanın təcavüzü, nəinki ordu quruculuğuna mane olmuşdu, hətta təcavüzkarla döyüşə-döyüşə ordu qurmaq qaçılmaz idi. Ölkədə fəaliyyət göstərən müxtəlif qruplara və şəxslərə bağlı silahlı dəstələrin mövcudluğu bu problemi daha da kəskinləşdirirdi. Belə bir şəraitdə ordu quruculuğu istiqamətində ulu öndər Heydər Əliyev ilk növbədə vahid komandanlığın qurulmasına və ordunun vahid komandanlıq əsasında təşkilinə diqqət ayırdı. Bu, asan proses deyildi. Bir neçə silahlı dövlət çevrilişi cəhdlərinin baş verməsi bu işin mürəkkəbliyindən xəbər verirdi. Amma ulu öndər Heydər Əliyev imkan və resurslardan maksimum səmərəli istifadə edərək qısa müddətdə bu istiqamətdə ciddi irəliləyişə nail oldu. Ümummilli lider Heydər Əliyev ordu quruculuğu siyasətini yürüdərkən ordunun maddi-texniki bazasının inkişafı, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı, bu sahədə mənəvi hazırlıq işini və rəmzi məsələləri də diqqətdən kənarda qoymurdu. Bu mənada, ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. O vaxtdan 26 iyun rəsmi dövlət bayramı kimi hər il qeyd olunur. “İlk Azərbaycan Cümhuriyyətinin süqutundan və Azərbaycanın Sovet İttifaqının tərkibinə qatılmasından sonra Azərbaycanda ordu quruculuğunda da varislik prinsipi pozulmuş, milli hərbçi kadrların hazırlanmasında boşluq yaranmışdı. Amma uzaqgörən ümummilli lider Heydər Əliyev burada da öz sözünü deyib. Dahi Lider böyük çətinliklə də olsa, 1971-ci ildə Bakıda məşhur Azərbaycan sərkərdəsi Cəmşid Naxçıvanski adına hərbi kadrlar hazırlayan məktəbin yaradılmasına nail oldu. Məktəbə Cəmşid Naxçıvanskinin adının verilməsi Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanda ordu sahəsində varislik prinsipinə sədaqətinin çox güclü göstəricisidir. Çünki Cəmşid Naxçıxanski Azərbaycan Demokratik Respublikası dönəmində müstəqilliyin qorunması uğrunda erməni daşnaklara və onların xarici havadarlarına qarşı qətiyyətlə mübarizə aparmış, komandir olduğu Qarabağ süvari alayı ilə birlikdə 1920-ci ilin martında Şuşada daşnaklara qarşı fəal surətdə döyüşmüşdür”, – deyə Milli Məclis sədrinin müavini qeyd edib. müstəqillik dövründə ulu öndər Heydər Əliyevin apardığı ordu quruculuğunun ilkin nailiyyətlərindən biri uğurlu Horadiz əməliyyatı oldu. Nəticədə Ermənistan Azərbaycanla 1994-cü ilin mayında atəşkəs imzalamağa məcbur oldu. Bu atəşkəs Azərbaycana özünə gəlmək, beynəlxalq neft müqavilələrini imzalamaq və icra etmək, iqtisadi vəziyyətimizi və beynəlxalq mövqeyimizi düzəltmək, ordu quruculuğunu həyata keçirmək üçün zaman qazandırdı. Bu, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük Zəfərə və Şuşa zirvəsinə gedən yolun başlanğıcı idi. Artıq Azərbaycan 26 iyun Silahlı Qüvvələr Gününü qalib, müzəffər Ordunun günü kimi qürurla qeyd edir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı