Analitika

Ümumilli liderin ən böyük istəyi xalqın birliyinə söykənən güclü bir dövlət yaratmaq idi

Ötən əsrin əvvəlləri kimi, sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli, dinamik və taleyüklü proseslərlə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən zaman daxilində baş verir və bu zamandan maksimum səmərəli yararlanma, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası şəxsiyyətlərin fəaliyyəti, adı ilə bağlı olur. Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri də şəxsiyyətlər idarə edir və hadisələr özü də onların izini daşıyır.

Deyildiyi kimi, boş zaman yoxdur, boşa keçən zaman var. Məhz fəaliyyətinin hər dövründə zamanı boşa keçirməyən, əksinə, zamanı əməlləri ilə zənginləşdirən ulu öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən milli lider Heydər Əliyev milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmuşdur və o, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindəndir. Belə şəxsiyyətlər tarixin ən çətin və keşməkeşli dövrlərində milli ruhun enerjisindən, xalqın tarixi-siyasi tələbatından və genetik potensialından doğulur.

Ulu Öndər Heydər Əliyev bütün ömrünü öz doğma xalqına xidmətə həsr etmişdir. İstər 1969-1982-ci, istərsə də 1993-2003-cü illərdə Ümummilli Liderin bütün çoxşaxəli və gərgin fəaliyyətinin əsasında yalnız xalqımızın maraqları, dövlətimizin milli mənafeləri durmuşdur. Məhz bu fəaliyyət müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. Hər zaman prinsipiallığı və qətiyyəti ilə seçilən Ulu Öndər 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının faciələri də məhz Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Ulu Öndərin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Əgər Ulu Öndər hakimiyyətdə təmsil olunsaydı, erməni millətçiləri heç vaxt bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi-ideoloji kursu keyfiyyətcə yeni müstəvidə davam etdirilir. Prezident İlham Əliyev xalqımızın milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın və ilhamlı sabahlara aparır. Ulu öndərin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin güclü siyasəti və müdrik rəhbərliyi ilə bütün dünyaya möhtəşəm tərəqqi və güc nümayiş etdirir, böyük dövlət xadimi Heydər Əliyevin banisi olduğu dövlətçilik strategiyası müasir və yeni Azərbaycanın gerçəklərində təzahür edir. Bu gün hər bir azərbaycanlı Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqına ləyaqətlə xidmət göstərmiş əbədiyaşar lideri ulu öndər Heydər Əliyevi böyük rəğbət və ehtiramla yad edir”.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Bu gün Azərbaycanda güclü dövlətçilik ənənələri formalaşmışdır və bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərinin böyük əhəmiyyəti vardır. Ümummilli liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Məhz Heydər Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, ölkəmiz bir sıra mühüm beynəlxalq təşkilatlara üzv qəbul olundu. Üçrəngli bayrağımız beynəlxalq təşkilatların üzərində dalğalandı və Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button