Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Ümummilli lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur. Bəşər tarixində hər hansı bir vətəndaşın öz dövlətinin timsalına çevrilməsi nadir hadisədir. Yaxın tariximizdə belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq, Azərbaycan xalqının öndəri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş unudulmaz rəhbərimiz Heydər Əliyevi xatırlayırıq. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, filosofların, tarixçilərin və müxtəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Ulu öndər çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir. Bu gün hər bir ölkə vətəndaşına bəlli olan bir həqiqət var: Ulu öndərimiz Heydər Əliyev həsəd aparılacaq bir zəngin, mənalı və şərəfli ömür yaşamışdır. Qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir: Azərbaycanı hər bir dövlət və millət üçün ən yüksək məqama – müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş etdirmişdir. Xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq. Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur,onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı