AnalitikaGündəmSiyasət

Ümumilli Lider Heydər Əliyev üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirdi

Hər bir xalqın öz varlığını qoruması üçün mütləqdir ki, güclü bir liderə ehtiacı var. Azərbaycan tarixində bu missiya Heydər əliyevin üzərinə düşüb. Çoxəsrlik ənənələrə malik olan Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan epoxa xüsusi əhəmiyyətə malikdir. Siyasi olimpin zirvəsinə doğru inkişafda Heydər Əliyev adidən aliyə doğru bütün pillələri addım-addım keçmiş, zəngin həyat təcrübəsi əldə etmiş və mükəmməl dövlət idarəçiliyi formalaşdırmışdır.

Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli tərəqqinin 35 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən uca tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyevin unikallığını səciyyələndirən xüsusiyyətlər saysız-hesabsızdır. Adi vətəndaşdan tutmuş dünyanın ən qüdrətli ölkələrinin başçılarına qədər onunla müxtəlif mövzular ətrafında ünsiyyətdə olan hər bir kəs qarşısındakının fenomenal yaddaşından və ensiklopedik biliklərindən heyrətə gəlirdi. Məhz Heydər Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması kimi mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və əbədiyaşarlıq qazandı. XX yüzildə müasir Azərbaycanın yaşarı modelini məhz müstəqil Azərbaycan dövlətçiliyinin memarı, qurucusu Heydər Əliyev gerçəkləşdirə bilmişdir.

Heydər Əliyev ömrü bəşər tarixinin ən mürəkkəb, təlatümlü, inqilablar epoxası olan XX yüzilin misilsiz tərəqqi və sıçrayışlarının da, görünməmiş bəlalarının da bilavasitə şahidi və tərcümanıdır. 10 may 1923-cü ildə qədim Naxçıvan torpağında dünyaya gəlmiş, zəngin, təkrarsız ömür yaşamış dünya miqyaslı tarixi şəxsiyyətin həyatı Azərbaycan xalqının mücəssəm salnaməsidir. Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, Müasir Azərbaycanı yaratmışdır.  Heydər Əliyev dahi idi. Heydər Əliyevin dahiliyinə möhtəşəmlik və sadəlik, gücünə, qüdrətinə əbədilik və şəxsiyyətinə müdriklik verən, ona haqq etdiyi ehtiramı qazandıran, ümumbəşər məşhurluğu gətirən, ulu öndər və ümummilli lider zirvəsinə yüksəldən və nəhayət tarixin ölməzlik rəmzinə çevirən də elə onun şəxsiyyət xüsusiyyətlərindəki böyüklükdür.

Heydər Əliyev dahiliyi uzun illər ərzində çətin tarixi süzgəclərdən keçərək, zaman-zaman cilalanmış, ağlasığmaz dərəcədə yaradıcılıq qabiliyyətinə malik bir mənbəyə çevrilmiş və həmişə özünü Vətəninin, xalqının müqəddəratının həll edildiyi vaxtlarda büruzə vermişdir. Bunun belə olduğunu tarixin özü təsdiq etdi.

Ümummilli lider Heydər Əliyev sivilizasiyaların qovuşuğunda, daha dəqiq desək, böyük güclərin qlobal iqtisadi və siyasi maraqlarının toqquşduğu bir məkanda müstəqil və güclü Azərbaycanın da təməlini qurmağa müvəffəq oldu. Bu, bir təcrübəli dövlət adamı, siyasi lider kimi onun üzərinə tarixin, taleyin və xalqın quyduğu missiya idi. Lakin Ulu Öndərimiz daha böyük bir missiyanı həyata keçirərək, yeni dövr Azərbaycanının ideoloji postulatını da formalaşdırdı. Azərbaycançılıq ideologiyasını irəli sürməklə siyasi və dövlətçilik fəlsəfəsini milli birlik məfkurəsi kimi təkmilləşdirdi. Böyük öndərimiz yalnız dövlətin iqtisadi, hərbi, diplomatik əsaslarını yaratmadı, həm də onun ideoloji inkişaf konsepsiyasının müəllifi oldu.

Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir.

Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq almədə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir.

Subhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button