Dünya tarixində çox az sayda sərkərdə, dövlət xadimi vardır ki, o insanların yeri əsla dolmur. Onlar öz taleyini xalqının taleyinə birləşdirir, xalqının sevimlisi, güvən yeri olur, bütün ömrünü xalqının mənafeyinə həsr edir, bir sözlə, dünya tarixində özünə əbədi və əzəli yer qazanır. Bu dahi şəxsiyyətlər sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin bənzərsiz, bir o qədər də möhtəşəm yeri var. Hələ dövlət xadimi olarkən sarsılmaz iradəyə malik olan, zamanın çox ötəsində düşünən, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, tarixini müəyyənləşdirib. Zaman keçdikcə Ümummilli Liderimizin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan azadlıq qazanaraq, çox qısa zamanda dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu. Ulu Öndərin yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali məclis və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu.Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. İnanırıq ki, dövlətimiz ümummilli liderimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq, daha da inkişaf edəcəkdir.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı