Ümumilli lider Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir
1993-cü ilin İyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı.
Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı.
Xalqının həqiqi lideri kimi Heydər Əliyev siyasi xarizmasını, xarakterini ortaya qoyaraq Azərbaycanı mümkün təhlükəli vəziyyətdən çıxararaq, yıxılmağa qoymadı, müstəqilliyimizin təminatçısı kimi bizə dövlət yaratdı. Bütün dövrlər Azərbaycanının ən qüdrətli və ən əziz övladı olaraq xalqın sevimlisinə, liderinə çevrildi.
İqtisadi-sosial inkişafla bərabər, xarici siyasət və dövlət idarəçiliyinin modernləşməsini prioritet məsələ kimi görən Ulu Öndər bu sahələrdə də qısa zaman kəsiyində böyük uğurlara imza atdı. Azərbaycan dünya siyasi arenasında supergüclər tərəfindən belə tam şəkildə qəbul olundu. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının qəbulu oldu ki, bu da müstəqil dövlətin təməl şərtlərindən biri idi.
Ölkənin Əsas sənədinin qəbulu dövlət quruculuğu, cəmiyyətin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratdı. Bununla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən
məhsuldar dövrünün təməli qoyuldu.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.
Mətanət Cəfərova,
YAP fəalı