Ulu Öndərin Fəxri xiyabandakı məzarı önündə böyük izdiham yaşanır
Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, əlamətdar yubiley münasibətilə Fəxri xiyabanda böyük izdiham yaşanır, Ulu Öndərin xatirəsi bir daha dərin ehtiramla anılır. Qədirbilən xalqımız öz böyük oğlunun Vətən qarşısında misilsiz xidmətlərini minnətdarlıq duyğuları ilə xatırlayır.
Səhər saatlarından başlayaraq Fəxri xiyabanı müxtəlif yaşda olan insanlar – veteranlar, gənclər, məktəblilər, eləcə də idarə və müəssisələrin kollektivləri ziyarət edirlər. İzdihamın ardı-arası kəsilmir. Heydər Əliyevin məzarı və abidəsi önünə təzə-tər güllər, çiçəklər düzülür, əklillər qoyulur.
Bu məqamda Ulu Öndərin qürurla dediyi sözlər yada düşür: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Azərbaycançılıq ideologiyasının əsasını qoymuş bu dahi şəxsiyyət dövlət müstəqilliyimizi dönməz və əbədi etdi, xilaskarlıq missiyasını layiqincə, axıradək yerinə yetirdi. Bu səbəbdən də hələ sağlığında əfsanəyə çevrildi.
Müasir tariximizin bütöv bir qərinəsi Ulu Öndərin adı ilə bağlıdır. O, bütün ömrünü canından çox sevdiyi Azərbaycanın inkişafına, doğma xalqının rifahına həsr edib. Heydər Əliyev həyatda olmasa da, bu gün mənən xalqı ilə birlikdədir. Onun zəngin irsi, əbədiyaşar ideyaları yollarımızı işıqlandırır.
Xalqımız Azərbaycanın bugünkü dinamik inkişafına, qüdrətli, dünyada sayılıb-seçilən, qalib ölkəyə çevrilməsinə görə özünü Heydər Əliyevə borclu sanır. Fəxri xiyabanda yaşanan izdiham da Azərbaycan xalqının öz böyük oğluna vəfa borcunun ifadəsidir.
Ulu Öndərin müdrik siyasi kursunun nəticəsi olaraq tolerantlıq ənənələri, milli-mənəvi dəyərlər dirçəldildi, yeni məna və məzmun kəsb etməyə başladı. Təsadüfi deyil ki, Fəxri xiyabanı ziyarət etməyə gələnlər arasında müxtəlif millətlərin və dini konfessiyaların çoxsaylı nümayəndələrini də görmək olur.
Nə qədər ki Azərbaycan var, nə qədər ki qədirbilən xalqımız var, Heydər Əliyev də qəlblərdə əbədi yaşayacaq.