Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» – deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Ulu Öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Onun rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Ümummilli Lider şərəfli ömür yolu ilə tərcümeyi-halını böyük bir xalqın tarixinə çevirməyi bacarmış dünya miqyaslı şəxsiyyətdir. Yer üzünün ən müxtəlif qütblərində yaşayan milyonlarla soydaşımızı milli ideyalar ətrafında bir araya gətirən rəmzdir. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik edib. Hər iki dövr ölkəmiz və xalqımız üçün taleyüklü mərhələ, çətin sınaqların, böyük böhranın yaşandığı dövr idi. Onun sovet Azərbaycanına rəhbərlik illəri ölkə həyatında sözün əsl mənasında yeni bir intibah mərhələsinin başlanğıcı idi. Ulu Öndər keçmiş SSRİ-nin inkişaf baxımından ən geridə qalmış, insanları kasıblıq, qıtlıq içində min-bir zillət çəkən ölkəsini təhvil aldı. Amma cəmi bir neçə il içərisində Azərbaycanı ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirdi. 90-cı illərin əvvəllərində insanlar Heydər Əliyevin fəal siyasətə dönüşünə Azərbaycanın milli qurtuluşunun başlanğıcı kimi baxırdılar. Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu. Adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə şərəfli və əbədi yer tutur. O, müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır. Azərbaycanın imzasını imzalar içində tanıdan bu dahi şəxsiyyətin, uzaqgörən siyasi xadimin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini gündəlik həyatımızda görürük. Çünki ulu öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir, ən başlıcası Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır! Elə bunlara görədir ki, Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir. Çünki Ulu öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
Səba Rzayeva,
YAP-ın gənc fəalı