Analitika

Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü

1918-ci ildə Türk dünyasının respublika quruluşlu ilk dövləti – Azərbaycan Xalq Cümhuriyyəti meydana gəlib. Ulu Öndər Heydər Əliyev tariximizin bu möhtəşəm anı haqqında belə deyirdi: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni, 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı”.

Təəssüf ki, o zaman xalqımızın azadlıq və müstəqillik sevinci uzun sürmədi. Azərbaycan Xalq Cümhuriyyəti yenidən işğala və müstəmləkə asılılığına düçar oldu.

“Hələ1990-cı ilin noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti üçrəngli Cümhuriyyət bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı kimi təsbit olunması barədə qərar qəbul etdi. Həmin Qərarda yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması Azərbaycan Respublikasının ali qanunverici orqanına təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi oldu. Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı. Ölkə ərazisində baş vermiş və baş verməkdə davam edən bütün qeyri-qanuni hadisələr məhz Naxçıvan Ali Məclisində müzakirə olunur və müvafiq qərarlar qəbul olunurdu. Bu müzakirələrdə mövcud siyasi vəziyyət əhatəli təhlil olunur, ölkədəki böhranlı vəziyyətdən çıxış yolları aranırdı. Odur ki, Naxçıvanda aparılan bütün müzakirələr və həyata keçirilən tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Heydə Əliyevin xalqın taleyi ilə bağlı verdiyi təkliflər, irəli sürdüyü təşəbbüslər və apardığı siyasət xalq tərəfindən yekdilliklə dəstəklənirdi. Belə cəsarətli və sonrakı dövrdə xalqın müstəqillik idealının gerçəkləşdirilməsində mühüm rol oynamış təkliflərdən biri də 1991-ci il avqustun 30-da məhz Ulu Öndər tərəfindən irəli sürüldü. Belə ki, həmin tarixdə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. 1991-ci il avqustun 30-da qəbul olunan bu bəyannamə özündən əvvəli iki Konstitusiya Qanununa istinad edərək müstəqilliyi tamamlaya biləcək bütün elementləri özündə cəmləmişdi. Bununla artıq Azərbaycan müstəqil olaraq SSRİ-dən daha öncə ayrılmış respublikaların da müstəqilliyini tanımış və beynəlxalq səviyyədə müstəqilliyimizin tanınmasını əsas hədəf kimi müəyyən etmişdir. Məhz bu qərarın bazası əsasında 1991-ci ilin 18 oktyabrında Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi: “Bununla da Azərbaycan beynəlxalq hüququn subyekti kimi müstəqillik dövrünə qədəm qoydu. Doğrudur, müstəqilliyin ilk illəri daha böyük təhlükələrlə qarşı-qarşıya qaldıq, amma Ümumilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı bizim müstəqilliyimizin qarantına çevrildi”.

İslamova Nuranə,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button