Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü
Dövlətçilik tariximiz uzun, keşməkeşli yoldan keçərək böyük sınaqlardan qalib çıxmışdır. XX əsrin 90-cı illərindəki vəziyyətdə öz xaotikliyi ilə diqqət çəkirdi. Dünyanın dəyişən nizamında yenidən müstəqilliyimizi bərpa etmək xalqımızın güclü iradəsi nəticəsində baş verdi. Ulu öndər Heydər Əliyevdə 3 sentyabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasındakı çıxışında bu məsələni xüsusilə qeyd etmişdi. “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Mövcud vəziyyəti nəzərə alaraq doğma Vətənə qayıdış Heydər Əliyevin xalqının etimadına qarşı cavabı idi. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra 22 iyul tarixində Naxçıvana yola düşüb. 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Beləcə Heydər Əliyev müstəqilliyimizin əsaslarını bərpa etməyə başladı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi. Bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və digərərinin günahkar olduqlarını qeyd etdi. Xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi.
Naxçıvanda həyata keçirilən demokratik tədbirlər, atılan düzgün siyasi addımlar bütün Azərbaycana nümunə olmuşdu. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevral 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil edərək böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
Ulu Öndər Heydər Əliyev 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı. O, SSRİ Nazirlər Kabineti partiya təşkilatına ərizəsində qeyd edirdi: “Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistanla Azərbaycan arasında elan edilməmiş müharibə gedir… bütün bunlar “humanist ideologiyalı” Sovet dövləti üçün adi haldır”. Xalq imperiyanın bərpası üçün cəhdlərə onun qəti etirazını razılıqla qarşıladı. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırılaraq onun bütün strukturları ləğv edildi. Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı”.
Beləcə ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilərək müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açdı. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri vəzifəsinin icrasına başlayandan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu.
Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilib.1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi