AnalitikaGündəmSiyasət

“Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi”

28 May xalqımızın tarixində ən önəmli günlərdən biridir. Çünki 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu cümhuriyyət müsəlman Şərqində ilk demokratik respublika idi. Həmin dövrdə xalqımız öz azadlığı və müstəqilliyi uğrunda böyük mübarizə aparmışdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, bu müddətdə çox mühüm işlər görülmüşdü. Dövlət bayrağı qəbul edilmiş, milli ordu yaradılmış və başqa ölkələrlə diplomatik əlaqələr qurulmuşdu.

Lakin sonradan Azərbaycan yenidən öz müstəqilliyini itirdi. Uzun illərdən sonra, 1991-ci ildə ölkəmiz yenidən müstəqil oldu. Amma həmin illərdə ölkədə vəziyyət çox ağır idi. Qarışıqlıq, daxili çəkişmələr və təhlükələr dövlətimizin gələcəyini risk altına salmışdı. Belə bir vaxtda xalq Ulu Öndər Heydər Əliyevə üz tutdu. Onun hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu.

Heydər Əliyev öz uzaqgörən siyasəti və qətiyyəti ilə ölkədə sabitlik yaratdı, dövlətçiliyi qorudu və xalqın gələcəyə olan inamını bərpa etdi. O demişdir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Bu sözlər müstəqilliyin nə qədər dəyərli olduğunu göstərir.

Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da inkişaf edir. İşğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.

28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunu, dövlətçilik ənənələrini və vətən sevgisini özündə əks etdirən əlamətdar bir gündür.

Abbasova Aysu,
Bakı Slavyan Universiteti,XDM fakültəsi

Oxşar Xəbərlər

Back to top button