Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin xalqın xilaskarı kimi düşüb
Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxalarınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi və tarix yaradan dahi şəxsiyyət kimi düşmüşdür.
Ümummilli lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər. Ancaq ulu öndərin həyatının qəhrəmanlıq anlarını, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz.Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.
Heydər Əliyev bu cəsarəti, yenilməz vətəndaşlıq mövqeyi ilə özünü hər bir azərbaycanlının, ədalətə dəstək verən hər bir insanın gözündə tarixiləşdirmişdir. Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Həqiqətən də, Azərbaycanın müstəqilliyi qarşısında tarixi məsuliyyəti dərk edərkən ən yeni tariximizdə əslində dövlətçiliyin olduqca təhlükəli dövrü kimi qiymətləndirilən 1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında tüğyan etmiş siyasi, iqtisadi, hərbi anarxiyanı unutmaq olmur. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər.
Bizə yaxşı məlumdur ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.
Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir.”Mən ona özüm qədər inanıram” əminliyi və xalqın bu əminliyə söykənən yüksək etimadı Azərbaycanın tezliklə qədəm qoyduğu böyük yüksəliş yolunun, yeni bir inkişaf mərhələsinin başlanğıcına çevrildi.
Heydər Əliyevdən sonra ölkəmizin sürətli inkişafı ümummilli liderin ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi misalında qəbul edildiyi kimi, həm də onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərləndirilir. Bu mənada, İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq müasir sıçrayışlı inkişafın təminatçısı kimi qəbul olunmaqdadır.
Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş “güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir” tezisi Azərbaycanın sıçrayışlı inkişaf strategiyasının əsası kimi qəbul olunan ideya və baxışlar sistemində həm ölkəmizin müdafiə potensialının artırılması, həm də Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında da əsas amillərdən oldu. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində 30 illik erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi, beynəlxalq hüquq bərpa olundu.
Bu gün Azərbaycan dünya çapında böyük nüfuz qazanan bir dövlətdir. Bölgədə söz sahibidir. Dünyada qalib ölkə kimi tanınır. 2003-cü ilin prezident seçkiləri ərəfəsindən başlayaraq, İlham Əliyev tərəfindən irəli sürülən bütün vəzifələr o dövrdə bu vəzifələrin icrasına inanmayan opponentlərin şübhə və tərəddüdlərinə rəğmən uğurla yerinə yetirilmişdir. 2009-cu il fevralın 23-də regionların sosial-iqtisadi inkişaf proqramının icrasının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “2003-cü ildə prezident seçkiləri ərəfəsində verilən bütün vədlər həyatda öz əksini tapdı. Elə bir məsələ yoxdur ki, həll olunmasın, yaxud da verilən vəd icra olunmasın. Və ya yarımçıq qalsın…”.
Bəli, 19 il ölkəyə rəhbərliyi ilə hər bir vətəndaşın prezidenti olan İlham Əliyev qalib sərkərdə kimi də böyük uğurlara imza atdı. Azərbaycan tamlaşdı, bütövləşdi. Bütün bunlar isə Heydər Əliyev ideyalarının təntənəsidir.
Zaxarova Sevinc,
Xəzər rayonu, 136 saylı tam orta məktəbin müəllimi