
Zamanının görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar.
Sovetlər dönəmində çox böyük təzyiqlərə baxmayaraq Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənib.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan jurnalistikası günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Bu gün ölkədə 5 mindən çox media subyekti var. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirilib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” qanun qəbul edilib.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli Mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına çoxmərtəbəli yaşayış binaları inşa edilərək jurnalistlərin istifadəsinə verilib. Eyni zamanda, Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının sübutudur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılıb. Bu gün Agentlik tərəfindən ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Əminik ki, yeni yaranmış bu Agentlik üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaq. 2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media haqqında” Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda təsdiq edildi. 9 fəsil, 78 maddədən ibarət sözügedən qanun layihəsi 20 dekabrda ikinci, 30 dekabrda isə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq səsvermədən sonra qəbul edilib. Ümid edrik ki, bu Qanun mətbuatımızın inkişafına öz müsbət töhfələrini verəcəkdir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı