Analitika

Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tariximizdə müstəsna əhəmiyyət kəsb edən və əvəzedilməz siyasi xidmətlər göstərmiş dahi şəxsiyyətdir.1993-cü ildə Respublikada siyasi hərc-mərclik və özbaşınalıq hökm sürməkdə idi. Ölkədə mərkəzi hakimiyyətin zəifləməsi, iqtisadi böhran və separatçılıq meyllərinin güclənməsi vətəndaş müharibəsinin başlanmasına gətirib çıxardırdı. Belə çətin və mürəkkəb siyasi şəraitdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil ordusunun müasir əsaslarla qurulmasını başlıca məqsəd hesab edirdi. Dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında ordunun mühüm əhəmiyyətə malik olduğunu qeyd edən Ulu Öndər bununla bağlı dəyərli fikirlərini söyləmişdir. “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcuolmalıdır.”

Ümummilli Liderimiz Heydər Əliyev 1994-cü ildə Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında söylədiyi çıxışında, Həzi Aslanov adına Bakı ümumqoşun komandirləri məktəbində keçirilən təntənəli mitinqdəki çıxışında, həmçinin Respublika Gününə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində xalqın bir hissəsi olan ordunun qurulması və onun inkişaf etməsi haqqında əhəmiyyətli fikirlər söyləmişdir.

Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərində qurulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi.Ulu Öndər ordu quruculuğu istiqamətində qətiyyətli adddımlar ataraq güclü və təşkilatlanmış bir ordu yaratdı.

Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə Səudiyyə Ərəbistanından – Müqəddəs Məkkə və Mədinə şəhərlərindən ziyarətdən qayıtdıqdan sonra Bakıda Təzəpir məscidində din xadimləri ilə görüşdəki çıxışında yeni yaranmış ordumuz barədə əhəmiyyətli fikirlərini söyləmişdir.“Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü silahlı qüvvələri var, Azərbaycanın qəhrəman milli ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.”

Umummmilli Lider 1993-1994-cü illərdə orduya çağırış-səfərbərlik işinin düzgün təşkil edilməsinə böyük əhəmiyyət verir, bu məsələni yalnız hərbi komissarlıqların və hərbi strukturların deyil, eyni zamanda dövlət və hakimiyyət orqanlarının qarşısında dayanan çox mühüm vəzifə hesab edirdi. Ordu quruculuğu istiqamətində görülən işlər 1994-1995-ci illərdə öz bəhrəsini verirdi. 1994-cü ilin 08 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Ulu Öndər ordu barədə qeyd etmişdir:

“Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq… Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir.”

Heydər Əliyev orduda kadrların düzgün seçilməsinə və ordunun təchizat baxımdan daim təkmilləşməsinə diqqət yetirirdi. Hərbi hissələrə səfər edərkən əsgər və zabitlərin xidmət həyatı və qayğıları ilə yaxından tanış olur və onlara diqqət göstərirdi. 1994-cü ildə Ulu Öndər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə “N” hərbi hissəsində çıxışı zamanı dəyərli fikirlərini söyləmişdir: “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.”

Atəşkəs dövründə 1995-1996-cı illərdə ordu quruculuğunun uğurlu aparılması üçün Heydər Əliyev dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi daimi diqqət altına alındı.

Ulu Öndər 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə görüşdəki nitqində müstəqil Azərbaycanın ordusuna çox böyük qiymət verir: “Silahlı qüvvələrimizin hər bir əməkdaşı gözəl bilir ki, güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əsas amildir, sülhün və əmin-amanlığın təminatçısıdır. Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir.”

Ulu Öndər bir mənalı şəkildə bildirirdi ki, ordu Azərbaycanın müstəqilliyinin atributudur.Ordu quruculuğunun mükəmməl səviyyədə aparılması güclü və müasir ordumuzun yaranmasına gətirib çıxartdı.

2001-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində keçirilən görüşdə Ulu Öndərin çıxışı ordumuza verilən böyük dəyərdən xəbər verirdi. Ulu Öndər çıxışında qeyd edirdi: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın…Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti Vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur. Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın…XX əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri məhz Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun layiqli varisidir.”

Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və əsası qoyulan ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan ordusu qüdrətli və rəşadətli ordulardan birinə çevrilmişdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və doğma Qarabağımıza qayıtmağımız ordumuzun misilsiz qəhrəmanlığından və güclü olmasından xıbər verir.

2002-ci ildə Ulu Öndərin Gəncədəki “N” saylı hərbi hissədə keçirilən görüşdə qeyd etdiyi fikirlər bu gün rəşadətli ordumuz tərəfindən qətiyyətlə həyata keçirildi. Həmin fikirləri təqdim edirik: Biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq, dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini mütləq təmin edəcəyik.”

Bu gün Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın birliyi və güclü ordumuzla ata vəsiyyətini qürurla yerinə yetirərək Azərbaycanın işğal olunmuş torpaqlarını azad edərək, ərazi bütövlüyümüzü təmin etdi. Bu gün fəxr etdiyimiz ordumuz müasir səviyyədə hazırlanmaqla və təkmilləşməklə dünyanın ən güclü ordularından birinə çevrilmişdir.

Mirnağı Nəzərli,
Xəzər rayonu, Elçin Mansurov adına 88 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button