AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyev və Azərbaycan Elminin Strateji İnkişaf Siyasəti

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurucusu olmaqla yanaşı, elmin və ziyalılığın cəmiyyətdə mühüm rol oynadığını hər zaman vurğulamışdır. Onun düşüncəsinə görə, elm və təhsil millətin inkişafının əsas dayaq sütunlarıdır. Məhz buna görə də Heydər Əliyev müstəqil Azərbaycanın formalaşdırılmasında alimlərin, elmi araşdırmaların və elmi mühitin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir.
Sovet dövründən başlayaraq, o, Azərbaycan elminin inkişafına dövlət səviyyəsində qayğı göstərmiş, alimlərin nüfuzunu artırmağa çalışmışdır. Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, ölkəni irəli aparmaq üçün savadlı, yüksək peşəkar kadrlar lazımdır. Buna görə də o, elmi kadr hazırlığına, yeni tədqiqat institutlarının yaradılmasına, xaricdə təhsil alan mütəxəssislərin vətənə qayıdaraq öz potensiallarını sərf etmələrinə geniş imkanlar açmışdır.
Müstəqillik dövründə iqtisadi və siyasi çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin davamlılığını təmin etmiş, elmi tədqiqatların maliyyələşdirilməsinin, laboratoriyaların təkmilləşdirilməsinin vacibliyini dəfələrlə vurğulamışdır. Onun təşəbbüsü ilə elm həm milli-mədəni varlığın qorunması, həm də müasir dünyanın tələblərinə uyğun inkişaf yolunun müəyyənləşdirilməsi üçün prioritet sahələrdən birinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın tanınmış alimləri ilə daim sıx təmasda olur, onların fikirlərinə böyük önəm verirdi. O, elmi müzakirələrdə fəal iştirak edir, alimlərin təkliflərini dövlət proqramlarına daxil etdirirdi. Ziyalıların cəmiyyətdə yüksək nüfuz qazanması, elmi fəaliyyətə hörmətin artırılması birbaşa Heydər Əliyevin siyasətinin nəticəsi idi. Onun sözləri bu gün də aktuallığını qoruyur: “Elmi inkişaf etdirmədən mədəniyyəti, sənayeni, kənd təsərrüfatını və bütövlükdə dövləti inkişaf etdirmək mümkün deyildir.”
Bu gün Azərbaycanda elmin inkişafı, alimlərə dövlət qayğısı, tədqiqat mərkəzlərinin modernləşdirilməsi, beynəlxalq elmi əlaqələrin genişlənməsi Ulu Öndərin müəyyən etdiyi strateji xəttin davamıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu siyasətin yeni mərhələdə uğurla həyata keçirilməsi Heydər Əliyevin alimlərə verdiyi yüksək dəyərin varislik prinsipinə əsaslandığını sübut edir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan alimlərini yalnız dəstəkləmək deyil, həm də onların cəmiyyətdə nüfuzunu yüksəltmək, elmin inkişafını dövlət maraqlarının ayrılmaz hissəsinə çevirmək kimi mühüm tarixi missiya yerinə yetirmişdir. Bu siyasət bu gün də ölkəmizin elmi potensialının güclənməsinə, beynəlxalq elmi məkanda nüfuzunun artmasına xidmət edir.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button