AnalitikaGündəmSiyasət

Uğrunda can verməyə hazır olduğumuz bayraq

Hər bir millətin ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti, milli azadlığının məmzunu onun dövlət rəmzlərində öz əksini tapır. Azərbaycan xalqının milli düşüncəsində də əsrlərə söykənən dövlətçilik tarixinin xatirəsi sayılan, özünü təsdiq simvolu olan Dövlət bayrağı tariximizin ən dəyərli atributları sırasında yer tutur.

Xalqımızın milli mövcudluq nişanəsi olan bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib və bu gün də hər bir azərbaycanlı dövlət bayrağına böyük ehtiramla yanaşır. Başımızın üstündə dalğalanan, milli suverenliyimizin simvolu üçrəngli, ay-ulduzlu bayrağımız müsəlman Şərqində və türk dünyasında ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edildi və qaldırıldı. Üçrəngli bayrağın yaradılması haqqında Məhəmməd Əmin Rəsulzadə və onun başçılıq etdiyi Azərbaycan Milli Şurası təklifi qəbul etdi. Parlamentin yığıncağında Rəsulzadə bayrağımızın məramını türk milli mədəniyyətinin, islam sivilizasiyasının və müasir Avropa demokratiyasının əsaslarının simvolu olduğunu bildirir. Bu baxımdan əzəmətli üçrəngli, aypara ulduzlu bayraq yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk millətinin dəyəridir. Bütün türklər üçün dəyərlidir. Üçrəngli bayrağımızın ideya müəllifi “Türk hissiyatlı, islam etiqadlı” Əli bəy Hüseynzadə olsa da, əbədiləşdirən ümummilli lider Heydər Əliyev olub.

Bu gün mənəvi dünyası Dövlət bayrağıyla bağlı olan hər bir vətəndaş Azərbaycanın hər bir yerində, o cümlədən işğaldan azad olunan torpaqlarda əzəmətlə dalğalanan üçrəngli bayrağımızla qürur hissi keçirir. Prezident, Ali Baş Komandanın rəhbərliyi, siyasi iradəsi və müzəffər ordumuzun şücayəti nəticəsində Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması ilə yazılan qələbə tarixi dövlətin, millətin milli qürur mənbəyi olan bayrağımızın rəmzi mənasına əlavə dəyərlər qatır. Məhz bunun nəticəsidir ki, özünütəsdiq simvolu olan bayraq həm də Qarabağda qələbənin rəmzi olaraq qəbul edilir.

İslam Bafadarov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button