AnalitikaGündəmSiyasət

Üçrəngli Bayraq – Dövlətçilik və Qürur Simvolu

Azərbaycanın üçrəngli Dövlət Bayrağı millətimizin azadlığının, müstəqilliyinin və dövlətçiliyinin ən ali rəmzidir. O, hər bir vətəndaş üçün Vətən sevgisinin, milli qürurun və birliyin simvoludur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bu bayraq xalqımızın tarixini, mədəniyyətini və milli ideologiyasını əks etdirir. Bayrağın mavi rəngi türklüyü, qırmızı rəngi müasirliyi, yaşıl rəngi isə islam mədəniyyətini təcəssüm etdirir. Aypara və səkkizguşəli ulduz isə milli birliyimizin və müstəqilliyimizin rəmzidir.
Cümhuriyyətin süqutundan sonra endirilən bu bayraq 1990-cı il noyabrın 17-də Naxçıvanda yenidən qaldırıldı. Bu tarixi qərar Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti bayrağa dövlət atributu statusu verdi. Ulu Öndər qeyd edirdi ki, hər bir azərbaycanlı bayrağı dərk etməli, onu qiymətləndirməlidir.
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan olundu. 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması bu rəmzə olan dərin hörmətin ifadəsi oldu. Prezident İlham Əliyev bayrağımızı “qürur mənbəyimiz” adlandıraraq onun Azərbaycan dövlətinin simvolu kimi əbədi dalğalanacağını vurğulayıb.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra üçrəngli bayrağımız azad edilmiş torpaqlarda qürurla dalğalanır. Bu bayraq şəhidlərimizin qanı ilə yazılmış Qələbənin, milli iradənin və dövlətçilik ruhunun təcəssümüdür.
Dövlət Bayrağı hər bir azərbaycanlının mənəvi dayağı, milli kimliyinin göstəricisidir. Bu müqəddəs bayraq altında birləşmək, onu qorumaq və uca tutmaq hər bir vətəndaşın borcudur. Üçrəngli Bayraq həmişə göylərdə dalğalanacaq və gələcək nəsillərə azad və müstəqil Azərbaycanın rəmzi kimi ötürüləcəkdir.

Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button