Siyasət

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz YAP nümayəndə heyətini qəbul edib

III Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cevdet Yılmaz Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Globalnews.az xəbər verir ki, YAP nümayəndə heyətini ölkəsində salamlamaqdan məmnunluğunu ifadə edən Cevdet Yılmaz Antalya Diplomatiya Forumunun regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından etibarlı platforma olduğunu diqqətə çatdırıb. O, qardaş ölkə təmsilçilərinin ADF-də iştirakının faydalı və önəmli olduğunu söyləyib.

Vitse-prezident 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin 2024-cü ilin fevralın 19-da Türkiyəyə rəsmi səfərini məmnunluqla xatırladan Cevdet Yılmaz iki dost və qardaş ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Vitse-prezident qeyd edib ki, Türkiyə və Azərbaycanın beynəlxalq platformalarda da bir-birini fəal şəkildə dəstəkləməsi milli maraqlarımızın təmin olunması və strateji hədəflərin gerçəkləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Səmimi təbrikə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov cənab İlham Əliyevin Zəfər seçkisində qazandığı inamlı qələbənin xalq-Lider birliyinin nümunəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin Zəfər seçkisindən sonra ilk rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etməsinin Azərbaycan-Türkiyə qardaşlığının bariz örnəyi olduğunu diqqətə çatdıran Tahir Budaqov yeni mərhələdə iki dövlət arasında çoxşaxəli və məqsədyönlü işbirliyinin həm ölkələrimizin inkişafına, həm də regional və beynəlxalq təhlükəsizliyə xidmət etdiyini söyləyib.  “Ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış sarsılmaz qardaşlıq əlaqələri və strateji müttəfiqlik münasibətləri Azərbaycan-Türkiyə birliyini gücləndirən çox önəmli amillərdir. Bu birlik Türk dünyasında da əməkdaşlığın dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının güc mərkəzi kimi inkişafı üçün yeni imkanlar və parlaq perspektivlər yaradır”,- deyə YAP Sədrinin müavini bildirib.

III Antalya Diplomatik Formunun önəminə diqqəti cəlb edən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu platforma dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq və diplomatiya müstəvisində həll edilməsi baxımından olduqca əhəmiyyətli və faydalıdır. O, rəhbərlik etdiyi nümayəndə heyəti adından Forumun işinə uğurlar arzulayıb.

Tahir Budaqov iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini də məmnunluqla diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

Oxşar Xəbərlər

Back to top button