Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.
Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün türk dünyasına gözəl bir mesaj oldu.
Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birgədir, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak etməkdədir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa quruculuq işlərini həyata keçirtmək üçün təbii ki, ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Görüləcək böyük həcmli işlər birgə həyata keçiriləcək, Türkiyə şirkətlərinin burada fəaliyyəti üçün yeni imkanlar yaranacaq.
Azərbaycan-Türkiyə Prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı – dünyada, regionda və ölkələrimizdə sülhün, təhlükəsizliyin inkişafın və həmrəyliyin qarantıdır.
Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan və Türkiyənin münasibətləri iki müttəfiq ölkə və ya dost ölkə anlayışlarından daha böyükdür. Biz iki qardaş ölkəyik. Ulu Öndərimiz Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” fikri həqiqətən də reallıqdır. Buna bənzər bir fikri Prezident Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdir: “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik”.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı