
Dövlət başçısı İlham Əliyev bu günlərdə Macarıstana işgüzar səfər etdi. Hər bir səfər əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən görüşlərdə hər iki ölkənin bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğu və əldə edilən nəticələrdə özünün aydın ifadəsini tapdığı xüsusi vurğulandı. Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə artan və inkişaf edən bir sahə olaraq diqqət çəkir.Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir. Türk Dövlətləri Təşkilatının Budapeştdəki Nümayəndəliyi Ofisinin fəaliyyəti və Macarıstanın bu təşkilatda müşahidəçi statusu da mədəni və siyasi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Cənab İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata bəyanatında bildirdi ki, birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.Qeyd edək ki, türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində əsas yer tutur. Naxçıvandan başlanan yol uğurla davam edir. Belə ki, 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Həmin Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin prezidentləri imzalamışdılar. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi.Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, Zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi. Ölkəmizin quruma sədrliyi dövrü dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi dövrə təsadüf etdi.
Gülnar Qurbanova,
YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri