AnalitikaGündəmSiyasət

Türk Dünyasında müttəfiqlik münasibətləri yeni tarixi mərhələyə daxil olur

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü türk dünyasının siyasi qüdrətini, iqtisadi gücünü və qlobal aktor kimi sarsılmaz potensialını bir daha nümayiş etdirdi. Zirvə Görüşündə Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ortaq tarixi və etnik köklərə, müştərək milli-mənəvi dəyərlərə malik türk dünyasının böyük əməkdaşlıq platforması olan Türk Dövlətləri Təşkilatı (TDT) regional və qlobal statuslu təsisat kimi mövqeyini artırır. Daxili siyasi və iqtisadi sabitlik, geostrateji mövqe, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan imkanlar isə TDT-ni yeni güc mərkəzinə çevirir. Azərbaycanın dövlət başçısı sülh və təhlükəsizliyin hər bir ölkənin inkişafı üçün əsas amil olduğunu vurğulayaraq, təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində adıçəkilən amillərin əsas məqsəd və vəzifələr sırasında yer aldığına diqqət çəkdi. Bu xatırlatma isə təsadüfi deyildi. Dünyanın üzləşdiyi hazırkı gərginlik və çağırışlar fonunda sülh və sabitlik daha ön plana çıxır. Ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin əsas ana prinsiplərindən biri də sülh və təhlükəsizliklə bağlı idi. Cənab Prezident bu fundamental siyasi faza üzərində xüsusi dayanaraq türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi üçün iqtisadi, nəqliyyat, logistika və hərbi güc arxitekturasının möhkəmlənməsinin vacibliyinə diqqət çəkdi. Sabitliyin və təhlükəsizliyin ən mühüm prioritetlərindən biri iqtisadi potensialların səfərbər edilməsi, hərəkətverici koordinasiyaların inteqrasiyası, vahid iqtisadi-sosial mühitin formalaşdırılmasıdır. Bu baxımdan TDT ölkələrinin nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər bölgənin logistika və enerji xəritəsini dəyişdirib, türk birliyi modelini qurmaqla bərabər, böyük transmilli layihələrin icrasına gətirib çıxarıb. TDT-də təşəbbüskar və flaqman dövlətlərdən biri kimi Azərbaycan davamlı olaraq bu təşkilatın siyasi və maliyyə dayanıqlılığına töhfələr verir, önəmli sərmayə layihələrini icra edib, qardaş dövlətlərin iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırıb, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Habelə, Azərbaycan türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondunda da fəal rol oynayır, fondun maliyyə portfelinin formalaşmasında aktiv səhmdar kimi çıxış edir. Bu, Azərbaycanın sərmayədar ölkə kimi TDT-də aktiv investisiya imicini təsdiqləyir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi qitələr arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Eyni zamanda, Xəzərin ən böyük ticarət donanmasına və nəhəng logistika habına malik olan Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bu xüsusda avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sazişin və qəbul edilən Birgə Bəyanatın ən əhəmiyyətli hədəf məqsədlərindən olan Orta Dəhlizin ən axıcı nəqliyyat sxemlərindən biri kimi nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması reallığı da türk dövlətlərinin vahid nəqliyyat sinerjisinin konseptual baxışlarını əks etdirir. Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Azərbaycan bu məqsədlərin beynəlxalq səviyyədə təmin edilməsində də fəal rol oynayır, bir çox ölkələrin enerji təhlükəsizliyində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. 14 ölkəyə təbii qaz ixracını şaxələndirməklə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. TDT çərçivəsində müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığı genişləndirmək məramının bəyan olunması isə Türk dövlətlərinin hərbi potensialının artırılması və qarşılıqlı mübadilənin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə türk dövlətləri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla və 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə tarixi nailiyyətə imza atan Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi olan bu siyasi-hərbi amil bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfə verməkdədir. Məhz bu çağırışlara və strateji çərçivəyə əsaslanmaqla Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə ilə hərbi əməkdaşlığın mövcudluğu türk dünyası üçün nümunəvi model hesab oluna bilər. Ələlxüsus da, iki qardaş dövlətin imzaladığı Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını zirvəyə çatdırıb. Təkcə son bir ildə Azərbaycanla Türkiyə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlərdə iştirak edib ki, bu da iki qardaş dövlətin hərbi-müdafiə qabiliyyətinə böyük töhfə vermiş olur. Məhz bu sarsılmaz hərbi təməllərə söykənərək Müzəffər Ali Baş Komandanımız türk dövlətlərinin güclü təhlükəsizlik landşaftını formalaşdırmaq məqsədilə 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təlimlər hərbi əməkdaşlıq sahəsində inteqrasiyanı dərinləşdirməklə TDT-yə üzv ölkələrin silahlı qüvvələrinin döyüş potensialını və müdafiə əzmkarlığını gücləndirəcək, regionda təhlükəsizliyin möhkəmlənməsində vacib rol oynayacaqdır. Beləliklə, türk dünyasının tarixi sivilizasiya mərkəzi olan Qəbələdə keçirilən TDT-nin Zirvə Görüşündə Liderlərin səsləndirdikləri fikirlər, qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, böyük rifaha və təhlükəsizliyə əlavə töhfələr verəcəkdir.

Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button